Dövlət Miqrasiya Xidməti tərəfindən ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 717 əcnəbi aşkar edilmişdir

Azərbaycan Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən həftə ərzində də davam etdirilmişdir.

07.01.2013-12.01.2013-cü il tarixlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı şəhərində, həmçinin respublikanın digər  şəhər və rayonlarında qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilmişdir. Keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində 717 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmişdir.

Həftə ərzində inzibati xəta törətmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərdən 1 nəfəri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə (Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın və Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərin itirilməsi və ya qəsdən korlanması) əsasən otuz manat miqdarında, 509 nəfəri 339.1.1-ci maddəsi  (Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşamasına), 34  nəfəri 339.1.2-ci maddəsi (etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına), 1 nəfəri isə 339.1.6-cı maddəsi (qanunvericiliklə müəyyən edilmiş qalma müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına) ilə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğində cərimə edilmişlər. Həmçinin inzibati qanun pozuntusuna yol vermiş 172 nəfər Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilmişdir.

Həmçinin işəgötürənin ölkə qanunvericiliyinin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərində yoxlamalar aparılmışdır. Keçirilmiş tədbirlər nəticəsində 6 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması halları aşkar edilmişdir.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur