“Readmissiya və qayıdışa dəstək” mövzusunda beynəlxalq seminar işə başlamışdır

24 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü, Avropa İttifaqı və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM)  dəstəyi ilə Miqrasiya Sahəsində Avropa İttifaqı Ekspertizası (MİEUX) Proqramı çərçivəsində “Readmissiya və qayıdışa dəstək” mövzusunda üçgünlük seminar işə başlamışdır.

 

Seminarın açılışında çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhramanov bildirmişdir ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında miqrasiya sahəsində artıq bir neçə layihə həyata keçirilmişdir. Bugünkü tədbirin MİEUX proqramı çərçivəsində sonuncu olduğunu qeyd edən natiq MİEUX proqramının Avropa İttifaqı ilə MSİBM-in birgə təşəbbüsü ilə yaradıldığını nəzərə çatdırmışdır: “MİEUX proqramı miqrasiya sahəsinə aid olan bütün məsələlərin həllində ekspert kimi çıxış edir. Sözügedən proqram çərçivəsində 2011-ci ildə gerçəkləşdirilən layihəyə uyğun olaraq həyata keçirilən 3 tədbirdə təkcə DMX-nin əməkdaşları deyil, eyni zamanda miqrasiya sahəsində Azərbaycanda fəaliyyət göstərən digər dövlət qurumlarının nümayəndələri də iştirak etmişdir. Bu da miqrasiya proseslərinə ümumi baxışın formalaşması, qanunsuz miqrasiyaya qarşı mübarizə məsələsində birgə çıxış etmək və miqrasiya proseslərinin idarə olunması  məsələsində əlaqələndirmə funksiyasının həyata keçirilməsi, qarşı qoyulan məqsədlərə nail olmaqda mühüm vasitələrdən biridir”.

 

Vahid Qəhramanov demişdir ki, bu gün keçirilən seminar əsası 2011-ci ildə qoyulmuş  “Azərbaycan Respublikasında qanunsuz miqrasiya ilə mübarizə və qayıdışın idarəolunması sahəsinə dəstək” layihəsi çərçivəsində keçirilir: “Bu layihə üzrə artıq iki tədbir gerçəkləşdirilmişdir. Seminar qanunsuz miqrantların geri qaytarılması, readmissiyası məsələsinə həsr olunmuşdur. Son dövrlərdə Azərbaycanda qanunsuz miqrasiyaya qarşı mübarizəyə daha çox üstünlük verilir. Bu gün Azərbaycanda miqrasiya sahəsində qanunvericilik bazası kifayət qədər formalaşmışdır, hazırda bu istiqamətdə işlər davam etdirilir”.  

 

Bildirilmişdir ki, iki ildən artıq MİEUX proqramları çərçivəsində reallaşdırılan bir sıra tədbirlər zamanı müxtəlif mövzuları – qloballaşan dünyanın ən aktual problemlərindən olan miqrasiya və mobillik, insanların təhlükəsiz yerdəyişməsi, sığınacaq axtaran şəxslərin himayəsi, qanunsuz miqrantların saxlanılması mərkəzlərinin fəaliyyəti və digər mövzuları əhatə etmişdir. Proqram çərçivəsində miqrasiya orqanları əməkdaşları Avropa İttifaqı ölkələrində təlim səfərlərində olmuşlar. Əsas hədəfi miqrasiya sahəsində Avropa İttifaqı ölkələrinin təcrübəsini öyrənmək olan bu proqram Avropa İttifaqı ölkələrindən və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzdən olan ekspertlərin iştirakı ilə keçirilmişdir.  

 

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Siyasi məsələlər üzrə müşaviri Andrey Valentinov çıxış edərək vurğulamışdır ki, Azərbaycanla Avropa İttifaqı arasında dərin əməkdaşlıq vardır. Uzun illər ərzində həm miqrasiya sahəsində, həm sərhədlərin təhlükəsizliyi sahəsində əməkdaşlıq inkişaf etdirilmişdir.

 

MSİBM-in ölkə üzrə əlaqələndiricisi Oleq Kiritsa tədbir iştirakçılarını layihə haqda məlumatlandırmış, Niderland və Macarıstandan olan yüksək səviyyəli beynəlxalq ekspertlərin iştirakı ilə 3 günlük seminarın miqrasiya orqanları əməkdaşlarının işinə böyük töhfə verəcəyinə əminliyini bildirmişdir.

 

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin, Xarici İşlər və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, eləcə də beynəlxalq təşkilatlar – BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları iştirak edir.

 

Üç gün davam edəcək seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaqdır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur