newsPhoto

Dövlət Miqrasiya Xidmətində BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Cənubi Qafqaz üzrə regional nümayəndəsi ilə görüş olub

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev iyunun 5-də Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının Cənubi Qafqaz üzrə regional nümayəndəsi xanım Simone Volken və BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Daq Siqurdsonla görüşüb.

I Avropa Oyunları kimi möhtəşəm bir tədbirə ev sahibliyi edən Azərbaycanın sürətli inkişafından məmnunluq ifadə olunan  görüş zamanı DMX ilə BMT QAK arasında mövcud sıx əməkdaşlıqdan  söhbət açılıb, bu əməkdaşlığın gələcəkdə daha da dərinləşdirilməsi istiqamətində səylərin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Son illərdə dünyada baş verən hərbi, siyasi münaqişələr nəticəsində yaranan kütləvi qaçqın axınlarından  narahatlılıq ifadə olunub. Böhran şəraitində olan ölkələrə Azərbaycanın mütəmadi humanitar dəstəyinə diqqət çəkən Xidmət rəisi qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş 1 milyondan artıq azərbaycanlı 20 ildən çoxdur ki, qaçqın və məcburi köçkün həyatı yaşayır. F.Nəbiyev bildirib ki, onların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən ardıcıl və əsaslı tədbirlər görülsə də  təəssüf ki, münaqişənin nizamlanması ilə bağlı məsələyə beynəlxalq ictimaiyyət tərəfindən hələ də obyektiv münasibət göstərilmir. Xidmət rəisi bu münaqişənin və onun nəticələrinin aradan qaldırılmasında BMT-nin fəaliyyətinin böyük əhəmiyyət kəsb etdiyini qonağın diqqətinə çatdırıb.

Görüşdə miqrasiya qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə məlumat verilib, bu yeniliklərin qaçqınların, eləcə də bütün miqrantların hüquqlarının müdafiəsinin gücləndirilməsinə xidmət etdiyi qeyd olunub. Həmçinin, vətəndaşsızlıq halarının aradan qaldırılıması, “Şərqi Avropada və Cənubi Qafqazda sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü” layihəsi çərçivəsində DMX-nin əldə etdiyi nailiyyətlər və layihənin davamı ilə bağlı qarşıda duran vəzifələr və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sonda səmimi qəbula görə təşəkkürünü bildirən xanım Simone Volken DMX ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu vurğulayıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur