Dövlət Miqrasiya Xidmətində Vətənə sədaqət rəmzi olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilmişdir

“Ümummilli liderimiz Heydər Əliyevin 20 il əvvəl irəli sürdüyü təşəbbüs nəticəsində təsis edilən bu əziz bayram dünyadakı bütün soydaşlarımızın qəlbini Vətən hərarəti ilə isidir və müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşılayır” deyə tədbiri Azərbaycan Respublikası Prezidentinin Dünya Azərbaycanlılarına bir neçə gün öncə ünvanladığı müraciət ilə açan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov bu əziz günün yaranma tarixindən danışmışdır. Xidmət rəisi bildirmişdir ki, ilk dəfə olaraq bu məsələyə xüsusi həssaslıqla yanaşan xalqımızın Ümummilli lideri Heydər Əliyev olmuşdur. Məhz Ulu öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. 20 il əvvəl Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış olan bu gün ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın vahid ideya ətrafında sıx birləşməsi, milli diasporun formalaşması və lobbi fəaliyyətinin inkişafı prosesinin başlanğıcını qoymuşdur. A.Rəhimov vurğulamışdır ki, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri olmuşdur. Məhz Azərbaycandan kənarda yaşayan soydaşlarımıza Ana Vətənimizi unutmamağı tövsiyə edən Heydər Əliyevin təşəbbüsü ilə dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar, Azərbaycan icmalarının nümayəndələri ilk dəfə olaraq 2001-ci ildə Bakı şəhərinə toplaşaraq özlərinin I qurultayını keçirmişlər. Xidmət rəisi dünya azərbaycanlılarının 2006-cı ilin mart ayının 16-da keçirilən II, cari ilin iyul ayının 5-də keçirilən III qurultaylarının mühüm əhəmiyyətindən bəhs etmiş,  xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması və Vətənlə əlaqələrinin möhkəmləndirilməsində əvəzsiz rolundan danışmışdır.

“Dünya azərbaycanlılarının həmrəyliyi Ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri idi” – deyə qeyd edən A.Rəhimov, son 8 ildə xalqımızın azərbaycançılıq ideyası və Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə Ulu öndərin ideyalarına sadiqlik nümayiş etdirdiyini nəzərə çatdırmışdır. Xidmət rəisi vurğulamışdır ki, dahi şəxsiyyət Heydər Əliyev yolunun layiqli davam etdirilməsi, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin qüdrətlənməsi dünya azərbaycanlılarının həmrəyliyini daha da gücləndirir və əzəmətli edir.

 

Arzu Rəhimov çıxışında həm də yola saldığımız ilin yekunlarına nəzər salmış, 2011-ci ilin Dövlət Miqrasiya Xidmətinin tarixində yadda qalan il olduğunu qeyd etmişdir: “Azərbaycanın miqrasiya tarixində, miqrasiya siyasətində son illər baş vermiş mühüm dəyişikliklərin, inkişafın, köklü islahatların həyata keçirildiyinin şahidiyik. Yaranmasından qısa müddət keçməsinə baxmayaraq, şəxsən Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Dövlət Miqrasiya Xidməti son bir il ərzində də çox böyük nailiyyətlər əldə etmişdir”.

 

Arzu Rəhimov cari ilin aprel ayının 12-də Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında  ölkə başçısının Xidmətin qarşısına qoyduğu müvafiq tapşırıq və göstərişlərin icrası yönümündə bir sıra təcili tədbirlərin  həyata keçirildiyini, Xidmətin strukturuna dəyişikliklər edilməklə əmək miqrasiyası sahəsinə diqqətin artırıldığını, ciddi nəzarət mexanizminin işə salındığını qeyd etmişdir.

 

Xidmət rəisi bildirmişdir ki, Azərbaycan Respublikasının Miqrasiya orqanlarının fəaliyyətinə diqqət və qayğı, əməkdaşların sosial təminatının yaxşılaşdırılması istiqamətində atılan addımlar, əldə edilən nailiyyətlər hər birimizdə fərəh, qürur hissi doğurmaqla yanaşı, məsuliyyətimizi birə beş artırır.

 

2012-ci ildə Xidmət əməkdaşlarının bütün qüvvə və bacarığını səfərbər edərək Cənab Prezidentin miqrasiya orqanlarına göstərdiyi etimadı daha da yüksək səviyyədə doğruldacaqlarına, qarşıya qoyulan vəzifə və tapşırıqları nümunəvilik nümayiş etdirməklə, daha operativ və obyektiv şəkildə icra edəcəklərinə əminliyini ifadə edən Arzu Rəhimov,  Həmrəylik Günü və qarşıdan gələn yeni il münasibətilə bütün miqrasiya orqanları əməkdaşlarını təbrik etmiş, onlara və  ailə üzvlərinə möhkəm cansağlığı, xöşbəxtlik, xidməti fəaliyyətlərində uğurlar diləmişdir. 

Tədbirin sonunda qulluqda fərqlənən bir sıra əməkdaşa mükafatlar təqdim edilmişdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur