Ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının nümayəndə heyəti Dövlət Miqrasiya Xidmətində olmuşdur
14 Aprel 2011-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Ahmet Zahteroğullarının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov qonaqları səmimi salamlayaraq, iki qardaş ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycanda daim Türkiyənin qardaşlıq köməyinin hiss olunduğunu, müxtəlif sahələrdə bu ölkənin təcrübəsindən yararlanmağa ehtiyac duyulduğunu dilə gətirdi.
Səmimi qəbula görə təşəkkürünü bildirən Ahmet Zahteroğulları “Biz hər zaman təcrübəmizi paylaşmağa hazırıq” deyə bildirdi. Qonaq Azərbaycana səfərindən məmnun qaldığını, ölkədə şahidi olduğu ciddi inkişafdan heyrətlənərək qürur hissi keçirdiyini ifadə etdi.
Arzu Rəhimov qonağa 1990-cı illərin əvvəllərində respublikada gərgin ictimai-siyasi vəziyyət və iqtisadi tənəzzüldən, Dağlıq Qarabağ münaqişəsinin törətdiyi fəsadlardan danışmışdır. Vurğulamışdır ki, məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikada sabitlik bərpa olunmuş, həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində Azərbaycan inkişaf etməyə başlamışdır. Xidmət rəisi bu siyasətin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində respublikamızın əcnəbilər üçün cəlbedici ölkəyə çevrildiyini nəzərə çatdırmışdır. “Təbii ki, biz bir ailəyik. Amma digər dövlətlər kimi biz də qanunlarımıza hörmətlə yanaşılmasını istəyirik” deyən Arzu Rəhimov Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda ölkə başçısının miqrasiya ilə bağlı tapşırıq və tövsiyələrini xatırlatmışdır. Ölkə ərazisində yaşamalarını leqallaşdırmaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edənlərin arasında daha çox qardaş Türkiyə dövlətinin vətəndaşlarının üstünlük təşkil etdiyini qeyd edən Xidmət rəisi bunu müsbət hal kimi qiymətləndirmişdir.
Sonda iki ölkə arasında miqrasiya sahəsində münasibətlərin daha da inkişaf etdirilməsi yolları və qurumlararası əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.