Dövlət Miqrasiya Xidmətində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir
31 Mart 2011-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Bildirilmişdir ki, bu tarix bilavasitə 1918-ci il mart ayının sonlarında erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qırğınlar və talanlarla bağlı olsa da, onun xronologiyası çox genişdir.
Əsrlər boyu erməni təcavüzkarları Azərbaycanın qədim torpaqlarında "Böyük Ermənistan" dövləti yaratmaq xülyasında olmuş, bu ideyanı həyata keçirmək üçün ən iyrənc üsullara əl atmış və bəşəriyyətdə analoqu olmayan vəhşiliklər törətmişlər. Tarixi faktlar sübut edir ki, ermənilər öz məkrli niyyətlərini həyata keçirmək üçün xüsusi plan işləyib hazırlamışlar.
Belə ki, erməni-quldur dəstələri 1905-1907-ci illərdə Bakıda, Tiflisdə, İrəvanda, Gəncədə, Qarabağda, Zəngəzurda azərbaycanlılara qarşı kütləvi şəkildə soyqırımı aktı həyata keçirmişlər. Həmin dövrdə təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi yerlə-yeksan edilmiş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsi dağıdılmışdır. Bu bədnam siyasət sonrakı dövrlərdə də ardıcıl olaraq həyata keçirilmişdir.
1917-ci ildə Qafqazda baş verən Fevral inqilabı və Oktyabr çevrilişi imperiyanın süqutuna gətirib çıxarmış, Rusiya imperiyası ərazisində yaşayan xalqlar öz milli müstəqillikləri uğrunda mübarizəyə qalxmışlar. Müstəqilliyə aparan yol heç də asan olmamışdır. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirmişlər. On minlərlə insan öz evlərindən didərgin salınmış, Bakıda 30 minə yaxın soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Şamaxıda isə 8 mindən artıq əhali, o cümlədən 2560 qadın və 1277 uşaq, Qubada 16 min nəfər əhali öldürülmüşdür. Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92 kənd dağıdılmışdır. Azərbaycanlıların soyqırımı Qarabağ, Zəngəzur, Naxçıvan və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər dağıdılmış, milli mədəni abidələr məhv edilmişdir. 1918-ci ilin 30-31 mart və 1 aprel tarixində erməni quldur dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vandalizm aktları barədə Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Dövlət Komissiyası geniş məlumat vermişdir.
Qeyd edilmişdir ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra da ermənilərin əli ilə deportasiya, etnik təmizləmə və soyqırımı siyasəti davam etdirilmişdir. Cümhuriyyətin yaradıcıları - görkəmli dövlət xadimləri, ziyalılar kütləvi şəkildə həbs və təqiblərə məruz qalmışdır. Bu, əslində, soyqırımı siyasətinin davamı olmuşdur. 1920-ci ilin mayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda 48 min insan bolşeviklər və kommunist maskası geyinmiş daşnaklar tərəfindən güllələnmişdir. Milli düşüncəyə malik olan insanların təqib edilməsi 1920-1930-cu illərdə kütləvi repressiyalarla müşahidə olunmağa başlamışdır.
Daha sonra bildirilmişdir ki, 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktı əsrin sonunda da davam etdirilmişdir. 1988-ci ildən başlayaraq ermənilər azərbaycanlılara qarşı yenidən əsassız ərazi iddiaları ilə çıxış etmişlər. Erməni işğalçılarının apardıqları məkrli siyasət nəticəsində 250 mindən artıq azərbaycanlı öz doğma yurdlarından didərgin düşmüşdür. Ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi deportasiya, soyqırım və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, bir milyondan artıq vətəndaşımız öz doğma yurdlarından didərgin düşmüşdür.
1918-ci il mart qırğınları, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı bu baxımdan mühüm tarixi əhəmiyyətli sənəddir. Bununla ilk dəfə olaraq mart qırğınlarına siyasi qiymət verilmiş bu sənəddə 31 mart tarixinin hər il Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi öz əksini tapmışdır.
Sonda vurğulanmışdır ki, dünya ictimaiyyəti artıq təcavüzkarı və təcavüzə məruz qalan ölkəni yaxşı tanıyır. Bütün Azərbaycan xalqı inanır ki, Prezident cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycan torpaqları tezliklə işğaldan azad olunacaq və soydaşlarımız öz tarixi torpaqlarına geri qayıdacaqdır.