Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 4-cü ildönümü, 19 mart-Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə təntənəli mərasim keçirilmişdir
19 Mart 2011-ci il tarixdə Dövlət Miqrasiya Xidmətində qurumun yaradılmasının 4-cü ildönümü, 19 mart - Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü və Novruz bayramı münasibətilə təntənəli mərasim keçirilmişdir.
Mərasim iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.
Xidmət əməkdaşları həmçinin Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın unudulmaz xatirəsini yad etmiş, məzarları üzərinə tər qərənfillər düzmüş, “Əbədi məşəl” abidəsi önünə əklil qoymuşlar.
Dövlət Miqrasiya Xidmətinin aparatında keçirilən mərasimdə Xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov çıxış edərək bildirmişdir ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra miqrasiya proseslərinin tənzimlənməsi məsələsi yeni ictimai-iqtisadi formasiyanın ən aktual problemlərindən biri kimi gündəliyə gəlsə də, bu istiqamətdə ilk praktiki addımlar yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra atılmışdır. Azərbaycanın müharibə şəraitində yaşamasını, 1 milyondan artıq qaçqın və məcburi köçkünün doğma torpaqlarından didərgin düşməsini, o cümlədən respublikanın əlverişli coğrafi-siyasi məkanda yerləşməsini, əhəmiyyətli tranzit-kommunikasiya imkanlarını nəzərə alan böyük strateq Heydər Əliyev daxili və xarici miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində əməli tədbirlər həyata keçirmişdir. Bu mərhələdə ölkənin gələcəyi ilə bağlı ziddiyyətli fikirlərin, narahatlıqların və təhlükələrin aradan qalxması, yaşayış üçün yeni perspektivlərin açılması xarici ölkələrə miqrasiya prosesinin qarşısını almış, eyni zamanda, əvvəlki illərdə Azərbaycandan köçüb getməyə məcbur olan vətəndaşlar, o cümlədən milli azlıqların nümayəndələri tədricən geriyə qayıtmışlar.
Daha sonra qeyd edilmişdir ki, ictimai-siyasi, iqtisadi sabitliyin təmin olunması, habelə hərtərəfli inkişafda lokomotiv rolunu oynayan “Əsrin müqaviləsi”nin imzalanması respublikaya xarici investisiya axınının sürətlənməsinə, əlverişli biznes və sərmayə mühitinin formalaşmasına təkan vermiş, yerli əmək bazarının inkişaf etməsi, yeni iş yerlərinin açılması, xüsusən də əmək miqrantlarının respublikamıza marağını gücləndirmişdir. Həmin dövrdə modern texnologiyalarla işləyə bilən yerli kadrların yoxluğu, habelə onların təcrübəsinin qənaətbəxş səviyyədə olmaması nəzərə alınaraq əcnəbi mütəxəssislərin ölkəyə gəlməsinə liberal yanaşılırdı. Həyata keçirilən kompleks tədbirlər nəticəsində uzun illər ərzində ölkəyə miqrantların daxil olması yerli əmək bazarının tələbinə uyğunlaşdırıldı, qeyri-leqal miqrasiya proseslərinə qarşı effektiv mübarizə tədbirləri həyata keçirildi.
Son illərdə Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın təmin edilməsi, enerji-nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda, ölkəmizin geosiyasi mövqeyi miqrasiya proseslərinin daha da intensivləşməsinə gətirib çıxarmışdır. Eyni zamanda, ölkəmizin bir sıra dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcud olması nəticəsində respublikamızın ərazisindən tranzit qaydada keçən və ya qısa müddətə gələn, üçüncü dövlətlərə getməyə cəhd edən, yaxud qanuni əsaslar olmadan yaşamağa cəhd göstərən əcnəbilərin sayı getdikcə artırdı. Bütün bunlar ölkənin inkişafı və təhlükəsizliyinin təmini baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, habelə bu sahədə beynəlxalq əməkdaşlığı obyektiv zərurətə çevirmişdir. Bütün bu reallıqları nəzərə alan Prezident cənab İlham Əliyev son illərdə miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Bildirilmişdir ki, dövlətimizin başçısı bu istiqamətdə ilk mühüm addımlarından biri kimi 2006-cı ilin 25 iyul tarixində “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsı haqqında” Sərəncam imzalamışdır. Kompleks tədbirlər sistemini əks etdirən Dövlət Proqramında miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, miqrantlarla bağlı sosial müdafiə tədbirlərinin həyata keçirilməsi və digər mühüm məsələlər yer almışdır.
Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxmışdır. Bu zərurəti nəzərə alan Prezident cənab İlham Əliyev 19 mart 2007-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında fərman imzalamışdır.
Miqrasiya sahəsində dövlət siyasətini, habelə miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən Dövlət Miqrasiya Xidmətinə qısa zamanda hüquq-mühafizə orqanı statusu verilmişdir. Xidmət fəaliyyətə başlayandan qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə, qanunların tətbiqində yol verilə biləcək nöqsan və sui-istifadələrin, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılmasına, sabit demoqrafik inkişafa, qeyri-qanuni miqrasiyaya qarşı effektiv mübarizə tədbirlərinin gücləndirilməsinə çalışır.
Dövlət Miqrasiya Xidməti bu gün ölkə ərazisində müvəqqəti olan, habelə müvəqqəti və daimi yaşayan əcnəbilərin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmələrinə nəzarəti həyata keçirir, mövcud qanunvericiliyin tələblərini pozmuş əcnəbilərin ölkə ərazisindən çıxarılması üçün müvafiq tədbirlər görür. Həmçinin, ölkədəki qanunsuz miqrantlarla bağlı araşdırma, təhlil və təftiş işləri apararaq onların ölkə ərazisindən çıxarılması işinə ciddi nəzarət edir.
2010-cu ilin 25 may tarixində Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının açılış mərasimində iştirak edən dövlətimizin başçısı cənab İlham Əliyev bu əlamətdar hadisə ilə bağlı çıxışında Azərbaycanın hazırkı sosial-iqtisadi inkişafı dövründə Dövlət Miqrasiya Xidmətinin üzərinə düşən mühüm vəzifələri qeyd etmiş və qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi zəruriliyini önə çəkmişdir: “İndi biz dünya iqtisadiyyatına inteqrasiya edirik. Azərbaycana xaricdən gələnlərin sayı artır. Azərbaycan vətəndaşları başqa ölkələrdə işləyirlər. Bu, normal proseslərdir. Əsas odur ki, bütün bu işlər qanun çərçivəsində tənzimlənsin və iqtisadi maraqlarımız tam şəkildə təmin olunsun. Azərbaycanda bütün təhlükəsizlik tədbirləri maksimum dərəcədə təmin olunsun. Biz yaxşı bilirik ki, daxildə ölkənin təhlükəsizliyinə səbəb ola biləcək heç bir amil yoxdur. Ona görə biz ilk növbədə sərhədlərimizi möhkəmləndirməliyik və bunu edirik. O cümlədən Miqrasiya Xidmətinin xətti ilə görülən tədbirlər həm iqtisadi maraqlarımızı qoruyacaq, eyni zamanda, insanlarımızın rahat, təhlükəsiz həyatını təmin edəcəkdir”.
Xüsusi olaraq vurğulanmışdır ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti 4 illik fəaliyyətində daim ölkə başçısının fərman və sərəncamlarını, tapşırıqlarını, tövsiyələrini rəhbər tutmuş, işini ən müasir tələblər səviyyəsində qurmağa çalışmışdır. Prezident cənab İlham Əliyevin Dövlət Miqrasiya Xidmətinin inzibati binasının açılış mərasimində vurğuladığı kimi, “Miqrasiya Xidmətinin yaranması çox vaxtında atılmış addım idi və bu illər ərzində Xidmət formalaşdı, gücləndi. Bu gün Azərbaycanın iqtisadi maraqlarının qorunması üçün Miqrasiya Xidmətinin çox mühüm rolu vardır. Əminəm ki, bundan sonra da Miqrasiya Xidmətinin işi yüksək səviyyədə olacaqdır”.
Arzu Rəhimov Xidmətin yaradılmasının 4-cü ildönümü, həmçinin miqrasiya orqanları işçilərinin peşə bayramı və Novruz bayramı münasibətilə əməkdaşları təbrik etmiş, xidməti vəzifələrin vaxtında və düzgün yerinə yetirilməsində onlara uğurlar arzulamışdır.
Sonda Xidmət rəisi Prezident cənab İlham Əliyevin 15 mart 2011-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş əməkdaşlara medalları və xidməti fəaliyyətdə fərqlənənlərə mükafatları təqdim etmişdir.