Dövlət Miqrasiya Xidmətində 2010-cu ilin yekunlarına dair hesabat müşavirəsi keçirilmişdir

22 yanvar 2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Aparatında 2010-cu ilin yekunlarına dair hesabat müşavirəsi keçirilmişdir.

 

Müşavirədə Xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu  Rəhimov hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirmişdir ki, hesabat dövründə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələr Dövlət Miqrasiya Xidməti tərəfindən icra olunmuş, “2010-cu il üzrə Perspektiv iş Planın”da nəzərdə tutulmuş tədbirlər reallaşdırılmış, miqrasiya sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi aktların yeni qəbul edilmiş qanunvericilik aktlarına uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülmüş, daxili və xarici miqrasiya siyasətinin müasir dövrün tələblərinə uyğun formalaşdırılması istiqamətində keçirilən tədbirlərdə ölkənin mövqeyi təmin olunmuşdur.

 

Arzu Rəhimov qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2010-cu il tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin fəaliyyətinin təmin edilməsi haqqında” Əsasnamənin müddəalarından irəli  gələn məsələlərin  həll edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, o cümlədən Vahid Miqrasiya Məlumat Sisteminin (VMMS) ölkədə fəaliyyətdə olan digər sistemlərlə inteqrasiyası tam təmin edilmişdir.

 

Beynəlxalq əməkdaşlıq sahəsində əlaqələr genişləndirilmiş, iki və çoxtərəfli əsaslarla münasibətlər inkişaf etdirilmişdir. Beynəlxalq təşkilatların və xarici ölkələrin müvafiq qurumlarının fəaliyyəti barədə təcrübə mübadiləsinin aparılması, miqrasiya proseslərinin tənzimlənməsi, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində əmək­daş­lıq perspektivlərinin müza­kirə olun­ması məqsədilə keçirilən tədbirlərdə Xidmət əməkdaşlarının iştirakı təmin olunmuşdur.

 

Xidmət rəisi nəzərə çatdırmışdır ki, ötən il ərzində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri gücləndirilmiş, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması halları aşkar edilərək qarşısı alınmışdır. Belə ki, keçirilmiş tədbirlər nəticəsində 16.680 əcnəbinin sənədləri yoxlanılmış, nəticədə 12.094 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunmuşdur. Onlardan əsas olduğu üçün 2.796 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 9 mindən artıq əcnəbinin müvafiq qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilmişdir.                

 

Kadr hazırlığı siyasətinin təkmilləşdirilməsi, tədris proqramlarının keyfiyyətlə işlənib hazırlanması, işçilərin intensiv olaraq bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin yüksəkldilməsi məqsədilə kompüterləşdirilmiş təlim-tədris mərkəzinin fəaliyyəti təmin edilmişdir.

 

Hesabat dövründə Xidmətin infrastrukturu inkişaf etdirilmiş, maddi-texniki bazası möhkəmləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binası istifadəyə verilmişdir. Miqrasiya idarəetmə sisteminin təkmilləşdirilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Xaçmaz şəhərində regional miqrasiya idarəsinin, Bakı şəhər Regional Miqrasiya İdarəsinin Sərhəd Buraxılış Məntəqələrində miqrasiya şöbəsinin (Hava Limanı) fəaliyyətləri təmin edilmişdir. Hazırda Bakı və Yevlax şəhərlərində qanunsuz miqrantların saxlanılması mərkəzlərinin inşasında tamamlama işləri aparılır.          

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti miqrasiya proseslərinin idarəolunması və bu sahədə olan problemlərin aradan qaldırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət göstərmiş və aidiyyəti dövlət qurumları ilə miqrasiya sahəsində informasiya mübadiləsi aparmışdır.

 

Miqrasiya sahəsində baş ve­rən yeni­lik­lərin və mühüm tədbirlərin ictimaiyyətə çatdırılması işində operativlik əsas tutulmaqla bir sıra işlər həyata keçirilmişdir. Miqrasiya məsələləri ilə bağlı ətraflı informasiya əldə etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə Azərbaycan vətəndaşlarının məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə mətbuat üçün açıqlamalar, bəyanatlar və press-relizlər hazırlanmış, dəyirmi masalar, mətbuat konfransları təşkil olunmuşdur. Miqrasiya Məlumat Mərkəzi (919) 3 dildə - Azərbaycan, ingilis, rus dillərində fəaliyyətə başlamış və rəsmi internet səhifəsi təkmilləşdirilmişdir.

 

Hazırda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya siyasətinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi istiqamətində mövcud qanunvericiliyin tələbləri rəhbər tutulmaqla müvafiq tədbirlər davam etdirilir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur