Dövlət Miqrasiya Xidmətində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilmişdir

30 Dekabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilmişdir.

 

Xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinə miras qoyduğu 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixindən danışmışdır. Qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə Naxçıvan Ali Məclisi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması barədə qərar qəbul etmiş və onun bütün ölkə ərazisində bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatət qaldırmışdır. Parlamentin 1991-ci il 26 dekabr tarixli qərarı ilə hər il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir.

 

Daha sonra çıxış edən xidmət əməkdaşları bildirmişlər ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın yekdil arzusu ilə hakimiyyətə qayıdışı dünya azərbaycanlılarının birliyinin əldə olunmasında, ölkədə və dünyada azərbaycançılıq anlayışının milli təfəkkür tərzinə çevrilməsində mühüm rol oynamışdır. Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyası müəllifinin məhz ümummilli lider Heydər Əliyevdir. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri olmuşdur. Azərbaycanlıların həmrəyliyinin həm ölkəmiz, həm də dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız üçün xüsusi əhəmiyyət kəsb etdiyini düzgün dəyərləndirən Ulu öndər xaricdəki azərbaycanlıların təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamışdır. Azərbaycandan kənarda yaşayan soydaşlarımıza tarixi vətənimizi unutmamağı tövsiyə edən Ulu öndərin təşəbbüsü ilə dünyanın bütün ölkələrində yaşayan azərbaycanlıların, onların icmalarının nümayəndələri ilk dəfə olaraq 2001-ci il 9-10 noyabr tarixlərində vətənimizə torlaşaraq Dünya Azərbaycanlılarının I qurultayını keçirmişlər.

 

Nəzərə çatdırılmışdır ki, azərbaycançılığa yüksək dəyər verən Ulu öndər Heydər Əliyev bu ideyanı daşıyanları daim bir olmağa çağırmışdır. 

Sonda xidməti fəaliyyətdə fərqlənən əməkdaşlara mükafatlar təqdim edilmişdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur