18 Dekabr - Beynəlxalq Miqrant Günü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətində “Dəyirmi masa” keçirilmişdir
17 Dekabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 18 Dekabr - Beynəlxalq Miqrant Günü ilə əlaqədar “Dəyirmi masa” keçirilmişdir.
Dövlət Miqrasiya Xidmətinin rəisi II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov hər il dünya dövlətləri tərəfindən qeyd olunan Beynəlxalq Miqrant Gününün yaranma tarixi barədə qısa məlumat vermişdir. Bildirmişdir ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qəbul etdiyi “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiyanın qəbul edilmə tarixi (18 dekabr 1990-cı il) 4 dekabr 2000-ci ildə Baş Assambleya tərəfindən Beynəlxalq Miqrant Günü elan edilmişdir. Konvensiyanın Azərbaycan Respublikası Milli Məclisinin 11 dekabr 1998-ci il tarixli Qanunu ilə ratifikasiya olunduğunu bildirən Xidmət rəisi ölkəmizin bu problemlə ciddi şəkildə hələ 80-ci illərin sonunda - keçmiş Sovet İttifaqının dağılması ərəfəsində üzləşdiyini, 250 mindən artıq azərbaycanlının Ermənistandan deportasiya edildiyini vurğulamışdır. Mənfur qonşularımızın işğalçı siyasəti nəticəsində isə ümumilikdə bir milyondan artıq soydaşımız öz ata-baba yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilmişlər. Azərbaycanın dünyada ərazisində ən çox daxili miqrant məskunlaşan ölkə olduğunu diqqətə gətirən Xidmət rəisi qeyd etmişdir ki, respublikamız miqrant problemi ilə üzləşəndən etibarən bu sahədə işlərin tənzimlənməsi, digər qurumların fəaliyyətinin əlaqələndirilməsini həyata keçirən qurumun yaradılması zərurəti meydana gəlmişdir. Bütün bunlar nəzərə alınaraq bu sahədə dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində ölkə qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirmək məqsədilə Prezident cənab İlham Əliyevin 19 mart 2007-ci il tarixli Fərmanı ilə Dövlət Miqrasiya Xidməti yaradılmışdır.
Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının ölkənin müvafiq qanunvericilik aktları ilə qorunduğunu bildirən Arzu Rəhimov gələn əcnəbilər arasında turistlərin, tələbələrin, dövlət qurumlarına, eləcə də şirkətlərə dəvət edilən şəxslərin, əməkçi miqrantların və onların ailə üzvlərinin, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin, investorların, Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda və ya yaxın qohumluq münasibətlərində olanların üstünlük təşkil etdiyini söyləmişdir.
Arzu Rəhimov cari il ərzində Dövlət Miqrasiya Xidmətinə 50 min müraciət daxil olduğunu, hər bir müraciətə fərdi qaydada yanaşıldığını, qanunvericilik çərçivəsində araşdırılaraq müvafiq qərarlar qəbul edildiyini bildirmişdir.
Ölkəmizdə gedən sosial-iqtisadi inkişaf nəticəsində Azərbaycana gələnlərin sayının gündən-günə artdığını qeyd edən Xidmət rəisi hazırda respublikamızda olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayının 400 mini keçdiyini bildirmişdir. 2010-cu il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən 11 mindən artıq inzibati qanunvericilik pozuntusu halının aşkar edildiyini vurğulayan Arzu Rəhimov həmin şəxslərdən 2600 nəfərinin cərimə tətbiq edilməklə leqallaşdırıldığını, 8500 əcnəbi və vətəndaşlığı olmayan şəxsin isə ölkə ərazisindən kənarlaşdırıldığını, o cümlədən onlardan 1210 nəfərinin inzibati qaydada respublikadan çıxarıldığını nəzərə çatdırmışdır.
Sonra Azərbaycanda miqrasiya siyasəti, miqrasiya prosesləri, bu sahədə mövcud durum, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları ilə bağlı müzakirələr aparılmışdır.
“Dəyirmi masa”da Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Beynəlxalq Miqrasiya Təşkilatının, həmçinin Miqrasiya Mərkəzi İctimai Birliyi, Miqrantlara hüquqi yardım Mərkəzinin, Azərbaycanda miqrant və məcburi köçkünlərin hüquqlarının müdafiəsi” İctimai Birliyinin, “Avrasiya” vətəndaş təşəbbüsləri Platformasının rəhbər nümayəndələri də iştirak etmişlər.