Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Ulu öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad etmişlər

11 dekabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində müasir Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Anım mərasimi keçirilmişdir.

 

Mərasim Xidmətin inzibati binasında Heydər Əliyev Muzeyini ziyarət ilə başlamışdır. Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov çıxış edərək çoxəsrlik dövlətçiliyimiz tarixində xüsusi yeri olan, hələ sağlığında ikən zəmanəmizin canlı əfsanəsinə çevrilən Heydər Əliyevin həyat və fəaliyyətindən,  Azərbaycanın hüdudlarından kənara çıxan misilsiz xidmətlərindən danışmışdır. Arzu Rəhimov  dünyada cərəyən edən proseslərə təsiri baxımından daim seçilən və qlobal dünyanın ən aktual çağırışlarına cavab verən bu dahi şəxsiyyətin nəinki zəmanəmizin, eləcə də bəşəriyyət tarixinin ən görkəmli siyasi və dövlət xadimləri sırasında şərəfli yer tutduğunu qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycan tarixinin önəmli, mühüm bir mərhələsi olan - ötən əsrin 60-cı illərinin sonlarından başlanan və XXI əsrə adlayan bütöv bir qərinə məhz Ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. 1969-1982-ci illərdə ölkə həyatının bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsinin ən dolğun səhifələrini təşkil edir. Azərbaycanın müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli məhz Ümummilli lider Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır. Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın inkişafı və tərəqqisi, insanların firavan yaşaması, 1993-cü ilin ortalarında dərin böhran içərisində çabalayan ölkənin intensiv inkişaf yoluna çıxması məhz bu dahi şəxsiyyətin adı ilə bağlıdır.

 

Güclü daxili potensiala malik yeni milli dövlət sisteminin yaradılması, iqtisadi tənəzzülün tədricən inkişaf mərhələsi ilə əvəzlənməsi, 1994-cü ildə milli neft strategiyasının reallaşması, “Əsrin müqaviləsi”nin imzalanması və bu müqavilə çərçivəsində genişmiqyaslı layihələrin həyata keçirilməsi ölkəmizin tarixində yeni dövr açmış, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu olmayan templə davamlı inkişafı üçün möhkəm zəmin yaratmışdır.

 

Xidmət rəisi Ulu öndərin milli dövlətçilik maraqlarından çıxış edərək balanslaşdırılmış xarici siyasətə üstünlük verməsindən, beynəlxalq təşkilatlarla inteqrasiya, beynəlxalq təhlükəsizlik və tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin möhkəmləndirilməsi istiqamətlərində atdığı bir çox vacib addımlardan danışmışdır. Qeyd etmişdir ki, bütün bu sadalanan faktlar dünyanın hər yerində olduğu kimi ölkəmizdə də miqrasiya proseslərinin davamlı inkişaf etməsinə böyük təkan vermişdir. Milli iqtisadiyyata xarici investisiya qoyuluşlarının həcmi artmış, müxtəlif sahələrdə infrastruktur və biznes layihələri həyata keçirilmiş, xüsusən də, əmək miqrantlarının ölkəyə axını prosesi sürətlənmişdir.

 

Xidmət rəisi çıxışının sonunda demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasının və dünyadakı nüfuzunun durmadan artmasını məhz Heydər Əliyevin misilsiz xidmətləri ilə əlaqələndirmişdir. Ümummilli liderin siyasi kursunun bu gün Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirildiyini qeyd edən Arzu Rəhimov yaradılmış möhkəm təməl üzərində Azərbaycanın artıq daha yüksək zirvələri fəth etməkdə olduğunu, dünyanın ən önəmli dövlətlərindən biri kimi tanındığını vurğulamışdır. Azərbaycan xalqı, Azərbaycan dövləti var olduqca, bu dahi şəxsiyyət ürəklərdə yaşayacaqdır.

 

Tədbirin sonunda Ulu öndərin xatirəsinə həsr edilmiş “Böyük ömrün anları” sənədli filmi nümayiş etdirilmişdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur