Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Almaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Herbert Kvelleni qəbul etmişdir
4 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Kvelleni qəbul etmişdir.
Xidmət rəisi Arzu Rəhimov qonağı səmimi salamlayaraq, yeni təyinatı münasibətilə onu təbrik etmiş, işlərində müvəffəqiyyətlər arzulamışdır. Arzu Rəhimov səfirə Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi, bu istiqamətdə görülmüş işlər barədə məlumat vermişdir. Xidmət rəisi Dövlət Miqrasiya Xidməti ilə Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında miqrasiya sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edərək, mövcud ikitərəfli münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirmişdir.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Herbert Kvellen iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin inkişafından danışmış, fəaliyyəti dövründə Almaniya-Azərbaycan əməkdaşlığının daha da genişləndirilməsi və gücləndirilməsi istiqamətində çalışacağını bildirmişdir.
Görüşdə həmçinin Azərbaycan Respublikasında miqrasiya prosesləri, bu sahədə ölkə qanunvericiliyinə edilmiş son əlavə və dəyişikliklər barədə səfiri maraqlandıran suallar cavablandırılmış və söhbət əsnasında qarşlılıqlı fikir mübadiləsi aparılmışdır.