Avropa İttifaqının ekspertləri Dövlət Miqrasiya Xidmətində olmuşlar

16 iyun 2010-cu il tarixdə Dövlət Miqrasiya Xidmətində Avropa İttifaqı və Azərbaycan arasında Ədliyyə, Azadlıq və Təhlükəsizlik məsələləri üzrə keçirilən texniki danışıqlar çərçivəsində Avropa İttifaqı ekspertlərinin iştirakı ilə ikitərəfli görüş keçirilmişdir.

 

Səmimi salamlandıqdan sonra qonaqlara miqrasiya proseslərinin Azərbaycan üçün yeni olmadığı, hələ 80-ci illərin sonlarında Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu, 1 milyondan artıq  azərbaycanlının doğma yurdlarından qaçqın və məcburi köçkünə çevrildiyi barədə məlumat verilmişdir.

 

Görüşdə qeyd edilmişdir ki, müstəqillik əldə etdikdən sonra ölkə rəhbərliyinin əvəzolunmaz xidmətləri nəticəsində Azərbaycanda bütün sahələr inkişaf etmiş, əcnəbilərin ölkəyə axını sürətlənmişdir. Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin idarə olunması məqsədi ilə yaradılmış Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti artıq üç ildir ki, fəaliyyət göstərir. Bildirilmişdir ki, əlavə və dəyişikliklər edilməklə bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi, “bir pəncərə” prinsipinin tətbiqi, həmçinin Vahid Miqrasiya Məlumat Sisteminin işə düşməsi ilə qısa müddət ərzində ciddi nəticələr əldə olunmuş, yerlərdə nəzarətin gücləndirilməsi və fəaliyyətin genişləndirilməsi məqsədilə regional idarələr açılmış, inşası başa çatmaqda olan qanunsuz miqrantların saxlanılması mərkəzlərinin yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

 

Avropa Komissiyasının Ədliyyə, Azadlıq və Təhlükəsizlik Baş Direktorluğunun Viza siyasəti və miqrasiyanın beynəlxalq aspektləri Bölməsi, Viza sektorunun rəhbəri Dafni Qoqu nümayəndə heyəti adından səmimi qəbula görə təşəkkür edərək, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə tanışlıqdan məmnun olduğunu bildirmiş, xidmət əməkdaşlarına fəaliyyətlərində uğurlar diləmişdir.

 

Sonda ekspertləri maraqlandıran suallar cavablandırılmış, miqrasiya sahəsində qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında geniş müzakirələr aparılmışdır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur