Dövlət Miqrasiya Xidmətində Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş matəm tədbiri keçirilmişdir

26 fevral 2010-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmiş matəm tədbiri keçirilmişdir.

Xocalı faciəsinin dəhşətlərini əks etdirən sərgi materialları ilə tanış olan Xidmət əməkdaşları tədbirdən öncə soyqırım qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbirdə Azərbaycan xalqının tarix boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmasından, öz tarixi topraqlarından qovulmasından, qaçqına, məcburi köçkünə çevrilməsindən və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasından danışılmışdır. Bildirilmişdir ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndində yerləşdirilən keçmiş sovetlər birliyinə məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərini yerlə-yeksan etmişdir. Nəticədə 613 nəfər ödürülmüş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir. Faciə baş verən gecə girov götürülmüş 1275 nəfər dinc sakindən 150-sinin taleyi indi də məlum deyildir.

Qeyd edilmişdir ki, yalnız 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan hökuməti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq, faciənin soyqırım siyasəti kimi tanınmasına nail olmaq üçün inadlı və ardıcıl fəaliyyət göstərir.

Məhz Ulu öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı faciəsini soyqırım kimi qiymətləndirmiş və beynəlxalq ictimaiyyətə, dünya dövlətlərinə müraciət qəbul etmişdir. Hər zaman Xocalı faciəsinə xüsusi həssaslıqla yanaşan Ümummilli lider Heydər Əliyev hər il keçirilən matəm tədbirlərində iştirak etmiş, Xocalı soyqırımını kədər hissi ilə xatırlamış, bu qətliamın Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev də bu istiqamətdə məqsədyönlü siyasət aparır, Xocalı faciəsinin mahiyyətinin dünyaya çatdırılması üçün lazımi qərarlar qəbul edir.

Tədbirin sonunda xüsusi vurğulanmışdir ki, Azərbaycan xalqının hər bir nümayəndəsi tariximizin soyqırım səhifəsi olan Xocalı faciəsinin bütün həqiqətlərini olduğu kimi gənc nəsillərə çatdırmalı, təbliğ etməli, ərazi iddialarını əsaslandırmaq üçün davamlı olaraq yeni-yeni əsassız tezislər uyduran erməni millətçilərinin anti-Azərbaycan təbliğatına, məkrli siyasətinə, ideoloji təxribatlarına qarşı ayıq-sayıq olmalıdır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur