Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin 2010-cu ilin yanvar ayına olan məlumatı

Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təşkili, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə ötən son bir il ərzində miqrasiya sahəsində zəruri normativ hüquqi aktlar qəbul edilmiş, institutsional və təşkilati tədbirlər həyata keçirilmişdir. Prezident cənab İlham Əliyev tərəfindən miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiqi, Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusunun verilməsi ilə əlaqədar imzalanmış bu və digər Fərmanlar Xidmətin səmərəli və məqsədyönlü fəaliyyətini tam təmin etmiş, onun iş üsul və vasitələrini daha da təkmilləşdirmişdir. Qarşıya qoyulan vəzifələr 2010-cu ilin yanvar ayında da Xidmət əməkdaşları tərəfindən düzgün və vaxtında icra edilmişdir.

 

2010-cu ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı  4690  müraciət daxil olmuşdur.

 

Müraciətlərin hər biri ayrı-ayrılıqda mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir.

 

Cari ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində 968 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilmiş, onlardan 281 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 491 əcnəbi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 196 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilmişdir.

 

Ölkə ərazisində miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur