“Azərbaycan Respublikası ərazisində olan əcnəbilərin statusu” mövzusunda hüquqi-maarifləndirici tədbir keçirilmişdir
Azərbaycan Respublikasında qanunsuz miqrasiyanın qarşısının alınması, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində olma və yaşama qaydaları ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən hüquqi-maarifləndirici tədbirlərin təşkili işi davam etdirilir.
12 yanvar 2010-cu il tarixdə Belçika Krallığının ölkəmizdəki Səfirliyində Xidmət nümayəndələrindən ibarət ekspert qrupunun Şengen ölkələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş konsulları ilə görüşü təşkil edilmişdir.
Aparılan uğurlu iqtisadi siyasət nəticəsində respublikamızda həyat səviyyəsinin yüksəldiyini və ölkəmizə üz tutan əcnəbilərin sayının əhəmiyyətli dərəcədə artdığını bildirən Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev çıxış edərək, ölkə ərazisində yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının miqrasiya sahəsində mövcud qanunvericiliyi ilə məlumatlandırılması və bu istiqamətdə tədbirlərin mütəmadi təşkilinin zəruriliyini vurğulamışdır. P.Musayev daha sonra Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, miqrasiya proseslərinin tənzimlənməsində həyata keçirilən tədbirlər, qanunvericiliyə edilmiş müvafiq əlavə və dəyişikliklər barədə ətraflı məlumat vermişdir.
Sonda Azərbaycan Respublikası ərazisində olan əcnəbilərin ölkədə olma, müvəqqəti və ya daimi yaşamaları ilə bağlı suallar ekspertlər qrupu tərəfindən cavablandırılmışdır.