Dövlət Miqrasiya Xidmətində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilmişdir

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilmişdir.

 

Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov çıxış edərək bildirmişdir ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli təqvimimizə 18 il əvvəl tarixi bir bayram kimi həkk edilmişdir. Xidmət rəisi bildirmişdir ki, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası məhz Ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının  Ali Məclisi bu barədə xüsusi qərar qəbul etmiş, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilmişdir. Beləliklə, Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmağa nail olmuşdur. Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Ali Məclisinin  qərarını qəbul etmişdir. 2001-ci ildə isə Prezident Heydər Əliyevin Sərəncamı ilə Təşkilat Komitəsi yaradılmış və dünya azərbaycanlılarının ilk tarixi qurultayı keçirilmişdir. Ulu öndərin dünya azərbaycanlılarını həmrəyliyə çağırmaq, dünya azərbaycanlılarını birləşdirmək kimi  tarixi bir missiyanın müəllifinə çevrildiyini qeyd edən xidmət rəisi həmin tarixi missiyanın bu gün Prezident cənab İlham Əliyev tərəfindən də uğurla həyata keçirildiyini vurğulamışdır: “Son illər bu sahədə görülən işlər Dünya azərbaycanlılarının bir-birinə daha da yaxınlaşmasına,  doğmalaşmasına səbəb olmuşdur. Məhz bu mənəvi birlik və milli həmrəylik dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət edir. Bu yaxınlaşma  Azərbaycan xalqının tarixində növbəti  bir mərhələnin başlanmasına səbəb olmuşdur.”

 

Prezident cənab İlham Əliyevin bu günlərdə dünya azərbaycanlılarına ünvanladığı təbrik məktubundan sitat gətirən xidmət rəisi nəzərə çatdırmışdır ki,   bütün dünya azərbaycanlılarının doğma yurdu və etibarlı dayağı olan müstəqil Azərbaycan Respublikasını göz bəbəyi kimi qorumaq və gücləndirmək hər birimizin ümdə vəzifəsidir.

 

Arzu Rəhimov çıxışında həm də yola saldığımız ilin yekunlarına nəzər salmış, 2009-cu ilin Dövlət Miqrasiya Xidmətinin tarixində əlamətdar il kimi yadda qalacağını vurğulamışdır: “Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təşkili, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə ötən son bir il ərzində zəruri normativ hüquqi aktlar qəbul edilmiş, institutsional və təşkilati tədbirlər həyata keçirilmiş, əcnəbilərin ölkəyə gəlməsi və ölkədən getməsi, onların yaşayış yeri üzrə qeydiyyatı sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün elektron informasiya resursları tam formalaşdırılmışdır.

 

2009-cu ilin mühüm hadisələri sırasına Prezident cənab İlham Əliyev tərəfindən 6 fevral 2009-cu il tarixdə Vahid Miqrasiya Məlumat Sisteminin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam, 4 mart 2009-cu il tarixdə miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi, həmçinin 8 aprel 2009-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusunun verilməsi ilə əlaqədar fərmanlar imzalanması, 4 dekabr 2009-cu il tarixdə Milli Məclis tərəfindən “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi daxildir. Ən mühüm hadisə isə 25 dekabr 2009-cu il tarixdə Prezident cənab İlham Əliyev tərəfindən “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Fərmanın imzalanmasıdır. Ölkə başçısının xüsusi diqqət və qayğısı ilə həyata keçirilən məqsədyönlü tədbirlər Dövlət Miqrasiya Xidmətinin bu sahədəki səmərəli və məqsədyönlü fəaliyyətinin təmin edilməsinə, onun iş üsul və vasitələrinin daha da təkmilləşdirilməsinə hesablanmışdır. Bütün bu sadalananlar və digər tədbirlər ölkə rəhbərinin Dövlət Miqrasiya Xidmətinə göstərdiyi hədsiz etimadın bariz təzahürüdür”.

 

Arzu Rəhimov  daha sonra bildirmişdir ki, fəaliyyətinə göstərilən etimadı daim yüksək minnətdarlıq hissi ilə qarşılayan Dövlət Miqrasiya Xidməti üzərinə düşən vəzifələrin düzgün və vaxtında icra edilməsi, qeyri-qanuni miqrasiyaya qarşı effektiv tədbirlərin həyata keçirilməsi istiqamətində bütün qüvvə və bacarığını səfərbər etmişdir.

 

Bugünkü müstəqil Azərbaycan Respublikasının bütün dünya azərbaycanlılarına dayaq və örnək olduğunu nəzərə çatdıran xidmət rəisi çıxışının sonunda Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına və dünya azərbaycanlılarına bəxş etdiyi, ümummilli əhəmiyyət kəsb edən  tarixi gün - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün xidmət əməkdaşlarını təbrik etmiş, onlara möhkəm cansağlığı, xoşbəxtlik arzulamış, işlərində daim müvəffəqiyyətlər diləmişdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur