Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilmişdir
12 Dekabr 2009-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov başda olmaqla xidmətin əməkdaşları Fəxri Xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə tər güllər düzmüşlər.
Ulu öndər Heydər Əliyevin vəfatının altınci ildönümünə həsr edilmiş anım mərasimi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Heydər Əliyev Muzeyində davam etdirilmişdir.
Mərasimdə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, şərəfli və mənalı ömür yolunun 34 ilini ölkəmizin rəhbəri kimi xalqının tərəqqisinə həsr etmiş Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq, ictimai şüurda əbədiyaşarlıq hüququ qazanmışdır. Azərbaycan xalqının ən parlaq simalarından biri olan qüdrətli şəxsiyyət Heydər Əliyevin siyasi obrazı millətimizin dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin təcəssümüdür.
Həmçinin bildirilmişdir ki, Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi, dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi bu fenomenal şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığını və qələbələrini şərtləndirən amillərdəndir.
Azərbaycan xalqının təsəllisi - Ulu öndərin müəllifi olduğu və bizə əmanət etdiyi Azərbaycan dövlətinin varlığı və bu dövlətin onun siyasi varisi möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilməsidir. Bu gün ölkəmizin inkişaf xəttində öz töhfələrini verən hakimiyyətin bütün qolları məhz Heydər Əliyev siyasi kursunu rəhbər tutur, bu kursun uğurla həyata keçirilməsi üçün cənab İlham Əliyevə yardımçı olmağa çalışır. Danılmaz faktdır ki, Azərbaycan dövlətinin müstəqilliyini quran və yaşadan Ulu öndər Heydər Əliyevin adı qəlbimizdə yaşayacaq və bu yaşam müstəqilliyimiz qədər əbədi olacaqdır.