Amerika Ticarət Palatasının nümayəndə heyəti Dövlət Miqrasiya Xidmətində olmuşdur
17 İyul 2009-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində ölkədə fəaliyyət göstərən Amerika Ticarət Palatasının Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Qonaqları səmimi salamlayan Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 mart 2009-cu il tarixdə imzaladığı Fərmana əsasən iyulun 1-dən miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqinə start verilmişdir. Quruma daxil olan müraciətlərin sayının artdığını qeyd edən xidmət rəisi prinsipin icrasında ciddi nəzarət mexanizmi yaradıldığını, sənədlərin mərkəzləşdirilmiş qaydada qeydiyyatı aparıldığını və hər bir müraciətə fərdi yanaşma tətbiq edildiyini nəzərə çatdırmışdır.
Arzu Rəhimov həmçinin fərmanın mahiyyətinin respublika ərazisində fəaliyyət göstərən şirkətlərdə çalışan əcnəbilər arasında öyrənilməsi və dərk edilməsinin, “bir pəncərə” prinsipinin tələblərinə ciddi riayət olunmasının vacibliyini vurğulamışdır.
Amerika Ticarət Palatasının Direktorlar Şurasının prezidenti Daniel Matthews səmimi görüş üçün təşəkkürlərini bildirmişdir. Qonaq miqrasiya sahəsində qanunvericiliyə edilmiş son əlavə və dəyişiklikləri müsbət qiymətləndirmiş, bu sahədə məlumatların mənimsənilməsində, o cümlədən ölkədə yaşayan əcnəbilər arasında maarifləndirmə işinin aparılmasında maraqlı olduqlarını ifadə etmişdir.
Tədbirdə “bir pəncərə” prinsipinin tələbləri, əcnəbilərin qeydiyyatı və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarını şərtləndirən fərdi icazələrin alınması ilə bağlı qonaqları maraqlandıran bu və digər məsələlərə aydınlıq gətirilmişdir.
Görüşün sonunda Dövlət Miqrasiya Xidməti ilə Amerika Ticarət Palatası arasında birgə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılmışdır.