Dövlət Miqrasiya Xidməti ilə Alman-Azərbaycan İqtisadi Birliyi birgə tədbir keçirmişdir
30 iyun 2009-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Alman-Azərbaycan İqtisadi Birliyi birgə tədbir keçirmişdir. Tədbirin keçirilməsində məqsəd miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olmuşdur.
Seminarda çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov rəhbəri olduğu qurumun yaranma tarixi və fəaliyyəti haqqında məlumat vermişdir. Həmçinin bildirmişdir ki, Prezident cənab İlham Əliyevin 4 mart 2009-cu il tarixdə imzaladığı Fərmana əsasən 1 iyul 2009-cu il tarixdən etibarən miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipi tətbiq ediləcəkdir. Arzu Rəhimov almaniyalı sahibkarların nəzərinə çatdırmışdır ki, “bir pəncərə” prinsipinin tətbiqi miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasına gələn əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi, bu sahədə şəffaflığın tam təmin edilməsinə xidmət edir. Belə ki, əvvəllər miqrasiya məsələləri ilə əlaqədar bir neçə dövlət orqanına üz tutan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər bundan sonra yalnız bir ünvana - Dövlət Miqrasiya Xidmətinə müraciət edəcəklər.
Sonra xidmət rəisi Arzu Rəhimov “bir pəncərə” prinsipinin tələbləri ilə bağlı verilmiş sualları ətraflı cavablandırmışdır.