Dövlət Miqrasiya Xidmətində Hindistan səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir
4 iyun 2009-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində Hindistan Respublikasının ölkəmizdəki səfiri Debnat Şounun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Qonaqları səmimi salamlayan xidmət rəisi Arzu Rəhimov bu görüşün ikitərəfli münasibətlərə töhfə verəcəyinə əminliyini bildirmişdir.
Ölkəmizdə aparılan uğurlu siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsinin yüksəldiyini və bütün sahələrdə müşahidə olunan sürətli inkişafla əlaqədar respublikamıza gələn əcnəbilərin sayının ildən-ilə artdığını qeyd edən Arzu Rəhimov miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ hüquqi aktlar qəbul edildiyini, bir sıra institusional və təşkilati tədbirlər həyata keçirildiyini nəzərə çatdırmışdır. Xidmət rəhbəri Prezident cənab İlham Əliyevin “bir pəncərə” prinsipinin tətbiqi haqqında imzaladığı Fərmanın mühüm əhəmiyyət kəsb etdiyini nümayəndə heyətinin nəzərinə çatdıraraq, bu prinsipin tətbiqində məqsədin ölkəmizə gələn əcnəbilərə qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınma prosedurunun sadələşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi olduğunu qeyd etmişdir.
Mövcud qanunvericiliyə görə ölkədə olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin alınması və qeydiyyat prosedurlarının mürəkkəb olması səbəbindən ölkəmizə gələn əcnəbilərin indiyə qədər bir neçə orqana müraciət etmək məcburiyyətində qaldıqlarını bildirən Arzu Rəhimov “bir pəncərə” prinsipinin tətbiq olunacağı gündən, yəni 1 iyul 2009-cu il tarixdən etibarən onların yalnız bir ünvana – Dövlət Miqrasiya Xidmətinə müraciət edəcəklərini bildirmişdir.
Azərbaycanda miqrasiya sahəsində yürüdülən siyasətə müsbət münasibət bildirən səfir Debnat Şou “bir pəncərə” prinsipinin meyarlarını yüksək dəyərləndirmişdir.
Sonra səfiri maraqlandıran suallar cavablandırılmışdır.
Səmimi görüşə görə minnətdarlıq və Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə tanışlıqdan məmnunluğunu ifadə edən nümayəndə heyəti quruma gələcək fəaliyyətində uğurlar arzulamışdır.