Dövlət Miqrasiya Xidmətində 28 May – Respublika Günü qeyd edilmişdir

27 May 2009-cu il tarixdə Dövlət Miqrasiya Xidmətində 28 May - Azərbaycan Demokratik Cümhuriyyətinin 91-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı şərəfli mübarizə yolundan, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə qazanılmış dövlətçilik təcrübəsindən danışılmışdır. Qeyd edilmişdir ki, dövlətçilik salnaməsinin parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, müstəqillik tariximizdə böyük siyasi-iqtisadi, mədəni hadisələrin əsasını qoymuş, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olmaqla xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməllərinin yaradılmasında müstəsna rol oynamışdır.
Daha sonra bildirilmişdir ki, xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri və rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratmışdır. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacarmış, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görülmüş, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edilmişdir.
Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin uğurla həyata keçirildiyi, bu sahədə qazanılmış nailiyyətlərin qürur doğurduğu vurğulanmışdır.

© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur