Azərbaycan Respublikasının nümayəndə heyəti ATƏT-in 17-ci iqtisadi və ətraf mühit üzrə forumunun 2-ci hissəsində iştirak etmişdir
18-20 may 2009-cu il tarixdə Afinada keçirilmiş ATƏT-in 17-ci iqtisadi və ətraf mühit üzrə forumunun 2-ci hissəsində Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayevin rəhbərliyi ilə Daxili İşlər, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Azərbaycan Respublikasının ATƏT-dəki nümayəndəliyinin yüksək vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak etmişdir.
“Dəyişən ətraf mühit şəraitində miqrasiyanın tənzimlənməsi” mövzusuna həsr olunmuş forumun 1-ci sessiyasında təmsil olunan nümayəndə heyətləri öz ölkələrində miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı məlumat vermişlər. Nümayəndə heyətinin rəhbəri Pərviz Musayev mövzu ilə əlaqədar Azərbaycan Respublikasında gedən miqrasiya prosesləri, bu proseslərin tənzimlənməsində dövlətin rolu, Dövlət Miqrasiya Xidmətinin yaranması, xidmətin vəzifələri və gördüyü işlər barədə çıxış etmişdir.
Forum çərçivəsində “İqtisadi və ətraf mühit məsələləri və miqrasiya üzrə ATƏT öhdəliklərinin həyata keçirilməsi”, “Gender və əmək miqrasiyası sahəsində həyata keçirilən siyasət”, “Miqrasiyanın inkişafa təsiri”, “Miqrasiyanın ekoloji aspektlərlə bağlı problemlərinin həlli”, “Miqrasiyanın idarə edilməsində regional və dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsi” mövzularında sessiyalar keçirilmiş, təqdimatlar və çıxışlar edilmişdir.