Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov AŞPA məruzəçisi Con Qrinveyi qəbul etmişdir

Mayın 8-də Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və əhali üzrə məruzəçisi Con Qrinveyi qəbul etmişdir.
Qonağı səmimi salamlayan Arzu Rəhimov miqrasiya proseslərinin Azərbaycan üçün yeni olmadığını, hələ 80-ci illərin sonlarında Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyondan artıq azərbaycanlının doğma yurdlarından qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırmışdır.
Respublikamız müstəqillik əldə etdikdən sonra ölkə rəhbərliyinin əvəzolunmaz xidmətləri nəticəsində Azərbaycan inkişaf etmişdir. Xidmət rəhbəri bu gün dünya ölkələrinin böhran yaşadığı halda, Azərbaycanın bu vəziyyətdən kənar olduğunu qonağın nəzərinə çatdırmışdır. “Azərbaycan miqrasiya sahəsində mənşə ölkəsindən təyinat ölkəsinə çevrilmişdir” – deyən Arzu Rəhimov məhz bu səbəbdən Prezident cənab İlham Əliyevin miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin idarə olunması məqsədi ilə 2007-ci ildə Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzaladığını qeyd etmişdir.
C.Qrinvey ölkəmizlə əməkdaşlığa önəm verdiyini vurğulamış, səfərdə məqsədinin Azərbaycanda olan miqrantların, qaçqın və məcburi köçkün vəziyyətində yaşayan insanların problemləri ilə yaxından tanışlıqdan ibarət olduğunu söyləmişdir. Miqrantların problemlərinin qlobal xarakter daşıdığını qeyd edən AŞPA məruzəçisi yeni yaranmış qurum kimi DMX qarşısında böyük layihələr durduğunu, bu problemdən çıxış yollarının axtarıb tapılması üçün burada səslənən təklif və tövsiyələri öz məruzəsində nəzərə alacağını bildirmişdir.
Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov AŞPA məruzəçisinin miqrantların, qaçqın və məcburi köçkünlərin problemləri ilə bağlı çoxsaylı suallarını cavablandırmışdır.

© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur