Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Türkiyə Respublikasının Azərbaycandakı səfirini qəbul etmişdir
5 mart 2009-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov Türkiyə Respublikasının ölkəmizdəki səfiri Hulusi Kılıçın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüş zamanı DMX-nin fəaliyyətindən danışılmış, ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Arzu Rəhimov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat vermiş, ölkədə miqrasiya proseslərinin tənzimlənməsində DMX-nin rolundan, 4 mart 2009-cu il tarixdə miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin 1 iyul 2009-cu il tarixdən tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərmandan danışmışdır. Xidmət rəisi qeyd etmişdir ki, fərmanın imzalanmasında məqsəd miqrasiya idarəetmə mexanizmini təkmilləşdirmək, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamalarını və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunu sadələşdirməkdir.
DMX-nin bu sahədə fəaliyyətini yüksək qiymətləndirən səfir Hulusi Kılıç səmimi qəbula görə öz təşəkkürünü bildirmiş, quruma gələcək fəaliyyətində uğurlar arzulamışdır.