Dövlət Miqrasiya Xidmətində Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir
26 fevral 2009-cu il tarixdə Dövlət Miqrasiya Xidmətində Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Mərasim iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov bildirmişdir ki, Xocalı soyqırımı bəşər tarixinə XX əsrin ən dəhşətli və tükürpədici qətliamı kimi daxil olmuşdur. Azərbaycanlılar 200 il ərzində davamlı olaraq erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, nəticədə xalqımız tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmişdir. Bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.
Xocalı soyqırımının aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi olduğunu vurğulayan A.Rəhimov daha sonra o vaxtkı Azərbaycan rəhbərliyinin öz xalqına xəyanət, təcavüzkara isə güzəşt mövqeyi tutmasından, nəhayət, Sovet imperiyasının Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxarmaq istiqamətində atdığı addımlardan, 1990-cı ilin 20 Yanvar hadisələrindən danışmışdır. Bildirmişdir ki, 1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yaranmış və işğalçı Ermənistan faktiki olaraq Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başlamışdır. Xocalı bu müharibədə ilk hədəf seçilmiş, 4 ay mühasirədə qalmış, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının zirehli texnikasının köməyi ilə yerlə-yeksan edilmişdir.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı nəticəsində adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulmuş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 155 nəfər itkin düşmüşdür. 8 ailə bütünlüklə məhv edilmiş, mülki əhali vəhşiliklə qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncələr verilmişdir.
A.Rəhimov, həmçinin Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması, eləcə də erməni faşizminin ifşası ilə bağlı ilk əməli təşəbbüsün Ulu öndər Heydər Əliyevə məxsus olduğunu, 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdiyini xatırlatmışdır.
Tədbirdə Xocalı faciəsindən bəhs edən kitab və fotoşəkillərdən ibarət sərgi təşkil olunmuş, soyqırımı əks etdirən sənədli film nümayiş etdirilmişdir.