Azərbaycan Respublikasının nümayəndə heyəti ATƏT-in 17-ci iqtisadiyyat və ekologiya forumunun I hissəsində iştirak etmişdir

Yanvarın 19-20-də Vyanada keçirilən ATƏT-in 17-ci İqtisadiyyat və Ekologiya Forumunda Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayevin rəhbərliyi ilə Daxili İşlər, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin yüksək vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak etmişdir.
Forumun mövzusu “Miqrasiyanın idarə edilməsi və onun ATƏT regionunda sabitlik və təhlükəsizliyə yönəlmiş iqtisadi və sosial siyasətlə əlaqəsi” olmuşdur. Forumda ATƏT-ə üzv olan 56 dövlətin nümayəndə heyəti, həmçinin ATƏT-in baş katibi Mark Perren de Brişambo, ATƏT-in Daimi Şurasının sədri, cari ildə təşkilata sədrlik edən Yunanıstanın ATƏT yanında daimi nümayəndəsi səfir Mara Marinaki, xarici işlər naziri Teodoros Skilakakis, ATƏT-in iqtisadiyyat və ekologiya məsələləri üzrə əlaqələndiricisi Qoran Svilanoviç iştirak etmişlər.
Səmərəli miqrasiya siyasətinin əsas şərtləri, davamlı əmək miqrasiyası üçün dövlətlərarası əməkdaşlıq, qanuni miqrasiyanın asanlaşdırılması, qeyri-qanuni miqrasiya sahəsində fəaliyyət göstərən cinayətkar şəbəkələrə qarşı mübarizə və digər mövzularda geniş diskussiya aparılmış, ekspertlər tərəfindən interaktiv təqdimatlar edilmişdir.
Yanvar ayında GUAM-a sədrlik edən Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi, səfir Fuad İsmayılov Forumda təşkilat adından bəyanatla çıxış etmişdir. Bəyanatda miqrasiyanın idarə edilməsinin GUAM ölkələri üçün əhəmiyyəti vurğulanmış, ATƏT-in bu sahədə beynəlxalq səviyyədə müsbət rol oynamaq imkanı qeyd edilmişdir. Diqqətə çatdırılmışdır ki, geniş əhatə dairəsinə malik olan ATƏT-in üzv ölkələrin dövlət nümayəndələri, sosial tərəfdaşlar və mülki qurumlar üçün daha səmərəli miqrasiya idarəçiliyi siyasətinin inkişaf etdirilməsi və həyata keçirilməsi istiqamətində müxtəlif tədbirlər təşkil etmək, bununla da qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni dəstəkləmək imkanı var.

© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur