20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətində anım mərasimi keçirilmişdir
Mərasim başlamazdan əvvəl iştirakçılar keçmiş sovet qoşunlarının vəhşicəsinə qətlə yetirdiyi şəhidlərimizin əziz xatirəsini birdəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi tarixi cinayətlərindən danışılmışdır. Bildirilmişdir ki, sovet qoşunlarının hərbi hissələrinin Azərbaycana təcavüzü nəticəsində Bakıda və ayrı-ayrı regionlarda onlarla insan öldürülmüş, yüzlərlə insan yaralanmış, qanunsuz həbs edilmişdir. Xalqımız həmin gün böyük faciə ilə üzləşsə də, özünün vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizliyini, sarsılmazlığını bütün dünyaya nümayiş etdirmişdir. 20 Yanvar faciəsinin beynəlxalq aləmdə tanıdılması, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılması, hər zaman şəhidlərin xatirəsinin əziz tutulmasına diqqətlə yanaşıldığı vurğulanmışdır.
Mərasimin sonunda 20 Yanvar faciəsini əks etdirən sənədli film nümayiş etdirilmişdir.
Rəsmi hissədən sonra Dövlət Miqrasiya Xidmətinin kollektivi Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət etmiş, tər gül-çiçək dəstələri düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.