17 dekabr 2008-ci il tarixdə Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Miqrantlar Günü ilə əlaqədar tədbir keçirilmişdir

Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Miqrantlar Günü ilə əlaqədar tədbir keçirilmişdir. Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov tədbiri açıq elan edərək, Beynəlxalq Miqrantlar Gününün tarixi ilə bağlı məlumat vermişdir. Daha sonra qeyd etmişdir ki, hazırkı dövrdə Azərbaycan Respublikası dünyada baş verən miqrasiya proseslərində fəal iştirak edir. Ölkəmiz müstəqillik dövrünün əvvəllərində miqrasiya proseslərində əsasən mənşə ölkəsi kimi çıxış edirdisə, son zamanlar Respublikada baş verən sürətli sosial-iqtisadi inkişaf nəticəsində Azərbaycan Respublikası təyinat ölkəsinə çevrilmişdir.
Miqrasiya proseslərinin tənzimlənməsi, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər)” təsdiq edilmiş və qeyd olunan Proqram çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 19 mart 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yaradılmışdır.
Xidmət rəisi Arzu Rəhimov həmçinin qeyd etmişdir ki, yaranmasından qısa bir müddət keçməsinə baxmayaraq, Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində mühüm işlər görmüşdür. Dövlət Miqrasiya Xidməti xarici ölkə vətəndaşlarının ölkədə olma müddətinin uzadılması, ölkə ərazisində müvəqqəti və daimi yaşamaq istəyən əcnəbilərə icazənin verilməsi, müxtəlif səbəblər üzündən öz ölkəsinin ərazisini tərk edib sığınacaq axtaran əcnəbilərə qaçqın statusunun verilməsi məsələləri ilə məşğul olur, həmçinin Azərbaycan Respublikasının vətəndaşlığı məsələsinin baxılmasında iştirak edir. DMX-yə müraciət edən bütün vətəndaşların müraciətlərinə ölkə qanunvericiliyinin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul olunur.
Cənab Arzu Rəhimov vurğulamışdır ki, DMX ölkə ərazisində müvəqqəti olan, habelə müvəqqəti və daimi yaşayan əcnəbilərin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmələri üzərində nəzarət edir, ölkə qanunvericiliyinin tələblərini pozmuş əcnəbilərin ölkə ərazisindən çıxarılması üçün müvafiq tədbirlər görür. Əcnəbi və vətəndaşlığı olmayan şəxsləri mövcud miqrasiya qanunvericiliyi ilə tanış etmək məqsədilə bir neçə dildə bukletlər hazırlanmış, xidmətin internet saytı yaradılmış, Miqrasiya Məlumat Mərkəzi fəaliyyətə başlamışdır. Regionlarda miqrasiya proseslərinin lazımi qaydada tənzimlənməsi üçün DMX-nın 2 regional idarəsi – Şirvan və Yevlax idarələri artıq fəaliyyətə başlamışdır.
Miqrasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi ilə Dövlət Miqrasiya Xidməti BMqT, BMT QAK, Avropa İttifaqı, Avropa Şurası, MDB və dünyanın bir sıra ölkələri ilə, o cümlədən Almaniya, Avstriya, İsveçrə, Rusiya və s. bu kimi dövlətlərlə sıx əməkdaşlıq edir.

DMX rəisi Arzu Rəhimov həmçinin bildirmişdir ki, 24 iyun 2008-ci il tarixdə miqrasiya ilə bağlı qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi bu sahədə problemlərin həllinə kömək etmişdir.

Xidmət rəhbəri KİV nümayəndələrinin müvafiq suallarına cavab olaraq indiyə qədər DMX-yə 7000-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciət etdiyini, bu müraciətlərin aidiyyəti qurumlarla birlikdə araşdırılaraq müvafiq qərarlar qəbul edildiyini, qaçqın statusu ilə bağlı 100-ə yaxın müraciət daxil olduğunu, yalnız bir nəfər şəxsə bu statusun verildiyini bildirmişdir.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin idarə rəisi Rauf Tağıyev, Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əcnəbilərin qeydiyyatı şöbəsinin rəisi Vüqar Zeynalov və KİV nümayəndələri iştirak etmişlər.

© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur