WUF13-də miqrasiya və şəhərlər mövzusunda yüksək səviyyəli panel müzakirələri keçirilib
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə təşkilatçılığı ilə “Miqrasiya və şəhərlər: təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda yüksək səviyyəli panel müzakirələri baş tutub.
Dövlət qurumları, beynəlxalq təşkilatlar, yerli idarəetmə orqanları, akademik dairələr, vətəndaş cəmiyyəti, gənclər və icmaların iştirakı ilə təşkil edilən yüksək səviyyəli panel müzakirələrinin məqsədi miqrasiya və urbanizasiya proseslərinin şəhərlərin dayanıqlı inkişafına təsiri barədə qlobal səviyyədə məlumatlılığı artırmaq və beynəlxalq əməkdaşlığı təşviq etmək olub.
Qeyd edək ki, panel müzakirələri cari ilin 5-8 may tarixlərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahında keçirilmiş ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində Azərbaycan Respublikası, BMqT və BMT-nin Məskunlaşma Proqramının birgə təşkilatçılığı ilə reallaşan “Miqrasiya dövründə təhlükəsiz, inklüziv və davamlı şəhərlərin formalaşdırılması – WUF13-ə hazırlıq” mövzusunda tədbirin davamı olub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ölkəmizin COP29-dan sonra oxşar miqyaslı daha bir qlobal tədbirə ev sahibliyi etməsinin qürurverici olduğunu bildirib. O, WUF13-ün Bakıda keçirilməsinin ölkəmizin dayanıqlı urbanizasiya və inklüziv inkişafla bağlı qlobal dialoqa verdiyi töhfənin aydın nümunəsi olduğunu qeyd edib.
Miqrasiyanın artan dinamikasından bəhs edən Vüsal Hüseynov, şəhərlərin miqrasiyanın bariz şəkildə hiss olunduğu məkanlar olduğunu vurğulayıb. Burada insanların daha geniş imkanlar, xidmətlər, təhsil və inklüzivliklə bağlı axtarışlarını daha açıq şəkildə ifadə etdiyini bildirib. Vüsal Hüseynov bu xüsusiyyətlərin şəhərləri miqrasiya proseslərinin mərkəzinə çevirdiyini və urbanizasiya ilə miqrasiya arasındakı qarşılıqlı əlaqələrin daha dərindən öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.
Xidmət rəisi bildirib ki, WUF13-ün ev sahibi və “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrası üzrə “Çempion ölkələr” təşəbbüsünün cari il üçün həmsədri kimi Azərbaycan miqrasiya ilə şəhərsalma məsələlərini tənzimləyən beynəlxalq çərçivələr arasında uzlaşmanın gücləndirilməsinə xüsusi önəm verir.
Vüsal Hüseynov Azərbaycanın miqrasiya idarəçiliyində urbanizasiya, miqrasiya və inkişaf arasında əlaqələrin mahiyyətini nəzərə alan yanaşmaların tətbiq olunduğunu bildirib, torpaqlarımızın işğaldan azad olunmasından sonra icrasına başlanılmış “Böyük Qayıdış” Proqramı çərçivəsində müasir şəhərsalma prinsiplərinə əsaslanan ağıllı və dayanıqlı şəhərlərin qurulması ilə müşayiət olunan keçmiş məcburi köçkünlərin qayıdış prosesinin qeyd olunan əlaqələrə nümunə olduğunu vurğulayıb.
Daha sonra BMqT-nin baş direktorunun müavini Ugoçi Daniels çıxış edərək miqrasiya ilə urbanizasiya prosesləri arasındakı əlaqəyə toxunub, bu istiqamətdə birgə əməkdaşlığın və koordinasiyalı siyasətlərin vacibliyini vurğulayıb.
Ardınca panel müzakirələrə start verilib. BMqT-nin Avropa və Mərkəzi Asiya üzrə regional direktorunun müavini Draqan Aleksoskinin moderatorluğu ilə keçirilən panel müzakirələrdə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, BMT-nin Məskunlaşma Proqramının Azərbaycan üzrə ölkə ofisinin proqram meneceri Runze Vang, Beynəlxalq Ətraf Mühit və İnkişaf İnstitutunun tədqiqat və strateji təsir üzrə direktoru Lusi Örl, Birləşmiş Şəhərlər və Yerli Hökumətlər Ümumdünya Təşkilatının baş katibinin müavini Pablo Fernandez Marmissol, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İcraiyyə Şurasının sədri Leyla Həsənova panel məruzəçi qismində iştirak ediblər.
Müzakirələr zamanı miqrasiya və sürətli urbanizasiyanın şəhərlərə təsiri və bu sahədə yaranan çağırışlar, inklüziv idarəetmə, milli və yerli qurumlar arasında koordinasiyanın əhəmiyyəti, məcburi köçürülməyə məruz qalan şəxslər üçün təhlükəsiz mənzil, ləyaqətli geri dönüş və dayanıqlı həlləri dəstəkləyən inteqrasiya olunmuş şəhər strategiyaları və ən yaxşı təcrübələr, gənclərin inklüziv şəhərlərin qurulmasına töhfəsi, miqrasiya-urbanizasiya üzrə tədqiqatların inklüziv və dayanıqlı şəhər siyasətlərinə töhfəsi, uğurlu şəhər təcrübələri və beynəlxalq tərəfdaşlıqlar kimi mövzular ətrafında edilən çıxışlar maraqla qarşılanıb.
Azərbaycan Respublikası