“Miqrasiya Məktəbi - 8” layihəsi çərçivəsində ilk təlimlər keçirilib
Dövlət Miqrasiya Xidməti (DMX) və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Miqrasiya Məktəbi - 8” layihəsi üzrə ilk təlimlər təşkil olunub.
Təlimlər DMX əməkdaşları tərəfindən interaktiv şəkildə aparılıb və “Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi”, “Miqrasiya statistikası”, “Azərbaycanda əcnəbilərin olma və yaşama qaydaları” və “Miqrasiya hüququnun müqayisəli tarixi” mövzularına həsr olunub.
Təlimçilər iştirakçılara Miqrasiya Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və miqrasiya sahəsində digər normativ hüquqi aktlar, miqrasiya proseslərinin tənzimlənməsi məsələləri, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi qaydası, miqrasiya hüququ və son illərin miqrasiya statistikası barədə məlumatlar verib və sualları cavablandırıblar.
Xatırladaq ki, 6 ay davam edəcək layihə çərçivəsində iştirakçılar miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri və aidiyyəti beynəlxalq təşkilatlar barədə məlumat almaq, Azərbaycanda miqrasiyanın idarəolunması mexanizmi və hüquqi çərçivə ilə bağlı nəzəri və praktiki biliklər əldə etmək, eləcə də Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanacaqlar.
Azərbaycan Respublikası