Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Miqrasiya Məktəbi - 8” layihəsinin açılış tədbiri keçirilib

Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Miqrasiya Məktəbi – 8” layihəsinə start verilib.

Layihənin əsas məqsədi gələcəkdə müxtəlif sahələrdə fəaliyyət göstərəcək gənclərin miqrasiya sahəsində bilik və bacarıqlarının artırılması, bu sahəyə marağın formalaşdırılması, peşəkar vərdişlərin aşılanması, dövlət idarəçiliyi barədə məlumatlandırılması, eləcə də onların fərdi və peşəkar inkişafına töhfə verilməsidir.

Açılış tədbirində Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Anar İskəndərov, Xidmətin əməkdaşları və layihəyə seçilmiş 25 namizəd iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov müsabiqə mərhələlərini uğurla keçərək layihədə iştirak hüququ qazanan gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, “Miqrasiya Məktəbi” layihəsi gənclərin miqrasiya sahəsində nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılmasına, eləcə də peşəkar kadr potensialının formalaşdırılmasına xidmət edir.

Tədbirdə çıxış edənlər layihənin iştirakçılara miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri, eləcə də aidiyyəti beynəlxalq təşkilatların fəaliyyəti barədə məlumat əldə etmək baxımından mühüm imkanlar yaratdığını vurğulayıblar. Bildirilib ki, altı ay müddətində həyata keçiriləcək layihənin proqramı müasir tədris metodları əsasında hazırlanıb.

Layihə çərçivəsində iştirakçılar üçün miqrasiya sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, miqrasiyanın idarə olunması mexanizmləri və hüquqi çərçivə, diaspor fəaliyyəti, turizm və viza siyasəti, eləcə də digər aktual mövzular üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, iştirakçılar Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı əldə edəcək, həmçinin onların fərdi və peşəkar bacarıqlarının inkişafına yönəlmiş əlavə təlimlər təşkil olunacaq.

Qeyd edək ki, təlimlər Dövlət Miqrasiya Xidmətinin ixtisaslaşmış əməkdaşları, Miqrasiya Məktəbinin tərəfdaş qurumlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də dövlət orqanlarının təcrübəli əməkdaşları tərəfindən keçiriləcək.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti