Reinteqrasiya üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
Reinteqrasiya üzrə İşçi Qrupunun onlayn formatda növbəti görüşü keçirilib. Tədbirdə Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, AZAL və TƏBİB-in nümayəndələri iştirak edib.
Tədbirdə giriş sözü ilə çıxış edən Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Habil Nağıyev Reinteqrasiya üzrə işçi qrupunun fəaliyyətini yüksək qiymətləndirib, gələcək işlərində uğurlar arzulayıb.
Görüşdə cari ilin müvafiq dövrü ərzində işçi qrupu çərçivəsində görülən işlər barədə məlumat verilib, ölkəyə readmissiya edilən şəxslərin müəyyən ehtiyaclarının öyrənilərək onlara sosial-iqtisadi dəstəyin verilməsi, onların cəmiyyətə səmərəli və dayanıqlı reinteqrasiyasının həyata keçirilməsi məsələləri, işçi qrupunun fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı müzakirələr edilib.
Qeyd edək ki, Reinteqrasiya üzrə İşçi Qrupu Azərbyacan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının readmissiya sazişləri əsasında geriqəbulu prosesinə kompleks yanaşmanın tətbiq edilməsi, readmissiya edilən şəxslərin üzləşdikləri (yaşayış yeri, səhiyyə, məşğulluq, sosial müdafiə, təhsil və digər sahələrdə) çətinlik və problemlərin operativ həlli, eləcə də sözügedən şəxslərin cəmiyyətə reinteqrasiyası işinin səmərəli təşkili məqsədi ilə yaradılıb.
Azərbaycan Respublikası