“Miqrasiya, suverenlik və konstitusion hüquqlar” mövzusunda konfrans keçirilib
Dövlət Miqrasiya Xidmətində 18 dekabr - Beynəlxalq Miqrant Günündə “Miqrasiya, suverenlik və konstitusion hüquqlar” mövzusunda konfrans keçirilib. Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan tədbirdə əsas məqsəd konstitusion hüquqların qorunması vasitəsilə dövlətin suveren hüquqlarının praktiki təzahürü olan miqrasiya idarəçiliyində milli maraqlar və insan hüquqları arasında tarazlığın təmin edilməsi yolları ətrafında faydalı fikir mübadiləsi aparmaq olub.
Tədbirdə dövlət qurumlarının, tədqiqat mərkəzlərinin və akademik dairələrin, həmçinin Dövlət Miqrasiya Xidməti yanında İctimai, Məşvərət və Miqrant şuralarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının ölkədə hüquqi dövlət quruculuğu, milli suverenliyin möhkəmləndirilməsi və konstitusion dəyərlərin təbliği istiqamətində genişmiqyaslı təşəbbüslərin həyata keçirilməsinə imkan yaratdığını vurğulayıb. Konstitusiyanın hər bir dövlətin siyasi, hüquqi və iqtisadi əsaslarını müəyyən etdiyini bildirən Xidmət rəisi, bu baxımdan müstəqil Azərbaycanın Konstitusiyasının işlənib hazırlanmasında Ulu Öndər Heydər Əliyevin tarixi rolunun xüsusi əhəmiyyət kəsb etdiyini, onun rəhbərliyi ilə ölkədə sabitliyin bərpa edildiyini, dövlət quruculuğu üçün möhkəm baza yaradıldığını və 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edildiyini qeyd edib.
Bildirib ki, konfransın 18 dekabr – Beynəlxalq Miqrant Günündə keçirilməsi miqrantların hüquqlarının müdafiəsinə qlobal diqqətin artdığı bir vaxtda bu mövzuların müzakirəsinə rəmzi məna qatır. Bu xüsusda hər bir dövlət üçün ali qanun olan Konstitusiyada təsbit olunmuş əsas hüquq və azadlıqlara hörmətlə yanaşan, beynəlxalq öhdəliklər və dövlət təhlükəsizliyi arasında tarazlığı qoruyan miqrasiya idarəçiliyinin formalaşdırılmasının dünya ölkələri üçün müasir miqrasiya siyasətinin ən mühüm çağırışlarından biri olduğu vurğulanıb.
Xidmət rəisi ölkəmizdə Konstitusiyaya və suveren hüquqlara sadiq qalmaqla müstəqil və ardıcıl siyasətin davam etdirildiyini, müasir çağırışlara cavab verən effektiv miqrasiya idarəçiliyi modelinin tətbiq olunduğunu qeyd edib. Vüsal Hüseynov Konstitusiyada təsbit olunmuş insan hüquqlarının qorunması, qanun qarşısında bərabərlik və hüququn aliliyi kimi prinsiplərin miqrasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərini formalaşdırdığını, qanuni miqrasiyanın təşviq olunduğunu, miqrantların hüquqlarının etibarlı qorunmasının təmin edildiyini və beynəlxalq əməkdaşlığın genişləndirildiyini bildirib. Xidmət rəisi Azərbaycanın miqrasiya idarəçiliyinin mövcud prioritetləri, bu sahədə görülən işlər və həyata keçirilən yeniliklər barədə məlumat verib.
Tədbirdə BMqT-nin regionda koordinasiya funksiyalarına malik ölkə ofisinin rəhbəri Lars Yohan Lönnbak və Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Azər Allahverənov açılış nitqləri ilə çıxış ediblər.
Daha sonra Lars Yohan Lönnbakın moderatorluğu ilə panel müzakirələri keçirilib. Paneldə çıxış edən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatının rəhbərinin müavini Rəşid Rumzadə, Dövlət Miqrasiya Xidmətinin rəisinin hüquqi məsələlər üzrə baş köməkçisi Füzuli Cəbrayllı, BMqT-nin Vyana Regional Ofisinin tematik mütəxəssisi Hizer Komenda və Təhsil İnstitutunun direktor müavini Fuad Çıraqov Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələrək miqrantların, qaçqınların və məcburi köçkünlərin hüquq və azadlıqlarının təmin edilməsi, miqrasiya proseslərinin milli təhlükəsizlik və dövlət suverenliyi ilə əlaqəsi, həmçinin bu sahədəki çağırışlar və perspektivlər ətrafında öz baxışlarını bölüşüblər. Sonra tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Azərbaycanda yaşayan miqrant Nik Nvolisanın Qarabağ və Azərbaycanın suverenliyinin bərpası ilə bağlı təəssüratlarını qələmə aldığı “Mənim Qarabağa səfərim” (“My trip to Kharabakh”) adlı kitabının videobağlantı vasitəsilə təqdimatı olub.
Azərbaycan Respublikası