Əlilliyi olan şəxslərin hüquqlarına dair təlim keçirilib
Dövlət Miqrasiya Xidmətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssisi Nərmin Fətəliyeva tərəfindən “Əlilliyi olan şəxslərin hüquqları” mövzusunda onlayn təlim keçirilib.
Xidmətin Kadrlar və kadr hazırlığı idarəsi ilə Təlim-tədris mərkəzinin birgə təşkil etdiyi təlim zamanı iştirakçılara əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri, onların hüquqlarının müdafiəsi sahəsində dövlətin öhdəlikləri, əlilliyə səbəb ola biləcək risklərin aradan qaldırılması və ayrı-seçkiliyin bütün formalarının qarşısının alınması haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, əlilliyi olan şəxslərin reabilitasiyası, sosial inteqrasiyası və cəmiyyətdə tam və bərabər iştirakının təmin olunması üçün yaradılan imkanlar müzakirə olunub.
Təlimdə həmçinin əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində mövcud münasibətlər və bu istiqamətdə tətbiq olunan mexanizmlər haqqında iştirakçılara məlumatlar təqdim olunub.
Azərbaycan Respublikası