“Uşaq Hüquqları Aylığı” çərçivəsində Dövlət Miqrasiya Xidməti tərəfindən regionlarda silsilə tədbirlər təşkil olunub
20 oktyabr – 20 noyabr tarixləri arasında “Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaqlara diqqət və qayğının təşviqi məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən tədbirlər təşkil olunub.
Ağsu, Gəncə, Naxçıvan, Neftçala, Cəlilabad, Xaçmaz və Qəbələdə keçirilən tədbirlər cəmiyyətimizin həssas təbəqəsi olan uşaqların müdafiəsi, miqrant uşaqların hüquq və vəzifələri, həmçinin onların leqallaşdırılması prosedurlarına həsr olunub. Tədbirlərdə yerli icra hakimiyyətinin və bələdiyyələrin əməkdaşları, hüquq mühafizə orqanları, təhsil və tibb işçiləri, tələbə kontingenti, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlər çərçivəsində regional miqrasiya idarələrinin məsul əməkdaşları çıxış edərək Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, göstərdiyi xidmətlər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, mövcud prosedurlar barədə məlumat veriblər. Çıxışlarda dövlətimiz tərəfindən uşaqların müdafiəsi və sağlam inkişafının daim diqqət mərkəzində olduğu, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunaraq layiqli vətəndaş kimi yetişməsi və hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər vurğulanıb.
Tədbirlərdə “Uşaq hüquqları haqqında” Qanun və “Miqrasiya Məcəlləsi” əsasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqları, uşaqlar üçün nəzərdə tutulmuş imtiyazlar diqqətə çatdırılıb. Həmçinin yetkinlik yaşına çatmayan şəxslərə yaşamaq icazələrinin verilməsi prosedurları barədə təqdimatlar keçirilib.
İnteraktiv formada keçirilən tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Respublikası

