Regionlarda maarifləndirmə tədbirləri keçirilib
Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Kürdəmir Rayon İcra Hakimiyyətinin inzibati binasında və Naxçıvan regional miqrasiya baş idarəsi tərəfindən Naxçıvan Dövlət Universitetində maarifləndirmə tədbirləri təşkil olunub.
Növbəti maarifləndirmə tədbirləri isə Yevlax Regional Miqrasiya İdarəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Aran Regional Mərkəzi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Yevlax KOB dostu ilə birgə keçirilib.
Tədbirlərdə rayon icra hakimiyyətlərinin, aidiyyəti dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının nümayəndələri, kənd inzibati ərazi dairələri üzrə icra nümayəndələri, bələdiyyə üzvləri, sahibkarlar, işəgötürənlər, ictimaiyyət nümayəndələri, əcnəbi tələbələr, eləcə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.
Maarifləndirmə tədbirləri “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qanunvericilikdə olan dəyişikliklərə inteqrasiyası”, “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin işəgötürülməsi qaydaları və bu sahədə qanunvericiliyin tələbləri”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya prosesində iştirakı” və “Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət” mövzularına həsr olunub.
Tədbirlər zamanı iştirakçılara Dövlət Miqrasiya Xidmətinin və onun regional idarələrinin fəaliyyət istiqamətləri, miqrasiya qanunvericiliyi, elektron xidmətlər, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma və yaşama qaydaları, həmçinin işəgötürənlər tərəfindən əcnəbilərə iş icazələrinin alınması prosedurları barədə ətraflı məlumat verilib. Bununla yanaşı, miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan inzibati məsuliyyətlər barədə də iştirakçılar məlumatlandırılıblar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Azərbaycan Respublikası

