Dövlət Miqrasiya Xidmətində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Dövlət Miqrasiya Xidmətində xalqımızın şanlı tarix səhifələrindən biri olan 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə tədbir təşkil olunub.
Tədbirdən öncə Dövlət Miqrasiya Xidmətinin aparatında Vətən müharibəsində qazanılmış tarixi Qələbəni simvolizə edən “Zəfər guşəsi” ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Rəsmi mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə açılış nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidməti rəisinin müavini, I Qarabağ müharibəsi iştirakçısı Elman Əliyev Vətən müharibəsinin şərəfli və qürurverici, həm də çətin məqamlarından söz açıb. O bildirib ki, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində göstərdiyi igidlik və xalqımızın sarsılmaz birliyi nəticəsində düşməni məğlub edib, torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü bərpa edib. Elman Əliyev vurğulayıb ki, bu şanlı tarixi əks etdirən əlamətdar gün hər il xalqımız tərəfindən böyük qürur və iftixar hissi ilə qeyd olunur.
Tədbirin fəxri qonaqları – Vətən Müharibəsi Qəhrəmanı baş leytenant Qəzənfər Ağayev və Vətən müharibəsi iştirakçısı polkovnik-leytenant Yaşar Nəzərli şərəfli və keşməkeşli döyüş yolları, üzləşdikləri sınaqlar, yaşadıqları hisslər barədə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.
Sonra Ordumuzun qəhrəmanlığı və 44 gün davam edən haqq savaşında qazanılmış möhtəşəm Qələbəni əks etdirən “Pusqu” sənədli filmi nümayiş olunub.
Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təşkil olunan “Zəfər mənim qələmimdə” adlı məqalə müsabiqəsində iştirak edən Xidmət əməkdaşlarına təşəkkürnamələr təqdim olunub.
Sonda xatirə şəkli çəkilib.
Azərbaycan Respublikası