Dövlət Miqrasiya Xidməti tərəfindən “Əbədilik və Suverenlik” adlı qaçış yarışı keçirilib
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planı çərçivəsində Dövlət Miqrasiya Xidmətinin tərəfindən “Əbədilik və Suverenlik” adlı qaçış yarışı təşkil edilib.
Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası, “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi” və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə keçirilib. Yarışda miqrasiya orqanlarının əməkdaşları, Azərbaycanda miqrasiya proseslərində iştirak edən — ölkəmizdə yaşayan əcnəbilər və onları dəvət edən şəxslər, aidiyyəti dövlət qurumlarının nümayəndələri, xarici ölkələrdə yaşayan vətəndaşlarımız, həmçinin miqrasiya könüllüləri, DMX yanında məşvərət, miqrant və ictimai şuraların üzvləri olmaqla 250-dən yuxarı şəxs iştirak edib.
Yarış sağlam həyat tərzini təşviq etmək, ölkəmizdə yaşayan əcnəbilərin yerli cəmiyyətə inteqrasiyasına dəstək olmaq, həmrəyliyi möhkəmləndirmək və asudə vaxtın səmərəli keçirilməsini təmin etmək məqsədi daşıyır.
Yarışda iştirakçılar “Dəniz Mall” ticarət mərkəzinin qarşısından Dövlət Bayrağı Meydanına qədər 5 kilometr dairəvi məsafəni qısa zamanda qət etməyə çalışıblar.
Kişilər arasında Əsgərli Bəxtiyar qalib gəlib. Abışov Elman ikinci, Hüseynov Seymur isə üçüncü yeri tutublar.
Qadınların mübarizəsində isə ilk üç yeri müvafiq olaraq, Belkova Juliya, Xəlilova İrina, Palar Məhsə tutublar.
İlk üç yeri tutan iştirakçılar kubok, medal, diplomlarla təltif olunub, qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Eyni zamanda yarışın ən yaşlı iştirakçısı 86 yaşlı Əliyev Tarverdi təşəkkürnamə ilə təltif edilib.
Qaçış yarışının təşkilində göstərdikləri dəstəyə görə Gənclər və İdman Nazirliyinə, Azərbaycan Atletika Federasiyasına, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nə və Dənizkənarı Bulvar İdarəsinə minnətdarlıq ifadə olunub, təşəkkürnamələr təqdim olunub.
Azərbaycan Respublikası
