Qərbi Balkan ölkələrinin nümayəndələri Azərbaycanda təlim səfərində olublar
29–31 iyul 2025-ci il tarixlərində Qərbi Balkan ölkələrinin və İsveçin aidiyyəti orqanlarının nümayəndələri Azərbaycanda təlim səfərində olublar.
Səfərin məqsədi miqrasiya idarəçiliyi sahəsində Azərbaycan təcrübəsinin, Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması və onun fəaliyyətinə dair təcrübənin öyrənilməsi, eləcə də bu istiqamətdə mümkün tərəfdaşlıq imkanlarının müzakirəsi olub.
Dövlət Miqrasiya Xidmətində təşkil olunan tədbirdə Xidmətin fəaliyyət istiqamətləri, miqrasiya idarəçiliyində rəqəmsallaşma və elektron xidmətlər, tənzimlənməyən miqrasiyaya qarşı mübarizə mexanizmləri və hüquqi əsaslar, habelə təlim və peşəkar inkişafın təşkili barədə təqdimatlar keçirilib. Qonaqlar həmçinin Miqrasiya üzrə Regional Təlim Mərkəzini ziyarət ediblər, Mərkəzin imkanları və təlim-tədris fəaliyyətləri, struktur modeli, regional səviyyədə əlaqələndirmə mexanizmləri, təlim proqramlarının hazırlanması və tədris metodikası ilə tanış olublar.
Görüşdə miqrasiya idarəçiliyi sahəsində peşəkar kadrların hazırlanması, birgə təlimlərin təşkili də daxil olmaqla tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası
