“Miqrasiya Məktəbi – 7” layihəsinin bağlanış mərasimi keçirilib
Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilən “Miqrasiya Məktəbi - 7” layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edərək layihədə iştirak edən gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, 2018-ci ildən etibarən indiyədək həyata keçirilən yeddi “Miqrasiya məktəbi” layihəsi çərçivəsində 120-dən çox gəncin iştirakı ilə 200-dən çox təlim təşkil olunub. Dövlət Miqrasiya Xidməti tərəfindən uğurla icra olunan bu layihə gənclərin miqrasiya sahəsində biliklərinin artırılmasına, eləcə də dövlət idarəçiliyi haqqında məlumatlılıq səviyyələrinin yüksəlməsinə töhfə verib.
Mərasimdə Beynəlxalq Miqrasiya Təşkilatının Gürcüstandakı Nümayəndəliyinin, həmçinin regionda koordinasiya funksiyalarına malik ölkə ofisinin rəhbəri Lars Yohan Lönnbak və “Miqrasiya məktəbi – 7” layihəsinin iştirakçıları təəssüratlarını bölüşərək, layihə ilə bağlı ürək sözlərini ifadə ediblər.
Sonra “Miqrasiya məktəbi - 7” layihəsi çərçivəsində keçirilmiş təlimlərlə bağlı video-icmal nümayiş olunub.
Bağlanış mərasiminin sonunda “Miqrasiya Məktəbi - 7” layihəsini uğurla bitirmiş iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil olunmuş, 26 iştirakçının olduğu “Miqrasiya Məktəbi – 7” layihəsi çərçivəsində reallaşdırılan 25 təlim DMX-nin aidiyyəti struktur bölmələri ilə yanaşı, layihə üzrə tərəfdaşlar, eləcə də dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər tərəfindən keçirilib.
Bundan əlavə, iştirakçıların Xidmətin Bakı şəhər Müvəqqəti yerləşdirmə mərkəzinə, qəbul şöbəsi və Çağrı mərkəzi şöbəsinə, eləcə də Xaçmaz regional miqrasiya idarəsinə və miqrasiya bölməsinin işi ilə tanışlıq məqsədilə “Quba Asan Xidmət” mərkəzinə təlim səfərləri təşkil olunub. Həmçinin, Xidmətin müvafiq struktur bölmələrində praktika keçmələrinə şərait yaradılıb.