“Miqrasiya Məktəbi - 7” layihəsi çərçivəsində təlimlər davam etdirilir
Gənclərə miqrasiya sahəsində nəzəri və praktiki biliklər qazandırmaq məqsədilə təşkil edilən “Miqrasiya Məktəbi – 7” layihəsi çərçivəsində sonuncu təlimlər keçirilib.
Öncə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Gürcüstandakı Nümayəndəliyinin, həmçinin regionda koordinasiya funksiyalarına malik ölkə ofisinin rəhbəri Lars Yohan Lönnbak layihə iştirakçılarına “Miqrasiyanın idarə edilməsində beynəlxalq təşkilatların rolu” mövzusunda təlim keçib.
Təlim çərçivəsində iştirakçılara beynəlxalq təşkilatların, xüsusilə Beynəlxalq Miqrasiya Təşkilatının miqrasiya proseslərinin səmərəli idarə edilməsindəki rolu, Təşkilatın bu sahədə Azərbaycandakı dövlət orqanları ilə qarşılıqlı fəaliyyəti, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verən və birgə həyata keçirilən layihələr, tədbirlər barədə ətraflı məlumat verilib.
İnteraktiv şəkildə təşkil olunan növbəti təlim Dövlət Turizm Agentliyinin tabeliyindəki ali təhsil müəssisəsi olan Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndəsi Narxanım Kamilova tərəfindən keçirilib. Təlim “Azərbaycanda turizmin inkişafı və perspektivləri” mövzusuna həsr olunub.
Xatırladaq ki, 6 ay davam edən layihə çərçivəsində iştirakçılar miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri və aidiyyəti beynəlxalq təşkilatlar barədə məlumat almaq, Azərbaycanda miqrasiyanın idarəolunması mexanizmi və hüquqi çərçivə ilə bağlı nəzəri və praktiki biliklər əldə etmək, eləcə də Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanıblar.