newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatının Gürcüstandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Gürcüstandakı Nümayəndəliyinin, həmçinin regionda koordinasiya funksiyalarına malik ölkə ofisinin rəhbəri Lars Yohan Lönnbakı və BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Troy Dulini qəbul edib.

Qonaqları səmimi salamlayan Vüsal Hüseynov həyata keçirilən birgə layihələrin əlaqələrin genişləndirilməsində rolundan bəhs edib.

Xidmət rəisi ötən ay ölkəmizin Almatı Prosesinin Nazirlər Konfransına ev sahibliyi etdiyini xatırladaraq Konfransın keçirilməsində BMqT-nin Prosesin Katibliyi qismində göstərdiyi dəstəyindən məmnunluğunu ifadə edib. Vüsal Hüseynov əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə və qlobal miqrasiya idarəçiliyində ən yaxşı təcrübələrin təşviq ediləcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Səmimi görüş üçün təşəkkürünü bildirən BMqT-nin Gürcüstandakı  nümayəndəliyinin rəhbəri Lars Yohan Lönnbak Almatı Prosesi çərçivəsində Nazirlər Konfransının uğurlu təşkili ilə bağlı təbriklərini çatdırıb, miqrasiya sahəsində həyata keçirilən birgə layihələrin əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyindən əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur