newsPhoto

Dövlət Miqrasiya Xidmətində əcnəbi işçi qüvvəsini işəgötürənlərlə görüş keçirilmişdir

 Dövlət Miqrasiya Xidmətində əmək miqrasiyası qanunvericiliyinin tətbiqi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə, əcnəbiləri əmək fəaliyyətinə cəlb edən işəgötürənlərlə ənənəvi görüş keçirilmişdir. Dövlət Miqrasiya Xidmətinin yanında İctimai Şuranın və müəssisə nümayəndələrinin iştirak etdiyi  görüşün məqsədi qanunvericiliyə edilmiş son dəyişikliklər, növbəti il üçün əmək miqrasiyası proqnozu barədə işəgötürənlərə zəruri məlumatların verilməsi olmuşdur.

DMX-nin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri İsmayıl Abdullayev çıxış edərək əcnəbi işçi qüvvəsinə tələbatın təmin edilməsi zamanı yaranan sualların, həmçinin digər faydalı və işgüzar mövzuların müzakirəsi baxımından tədbirin əhəmiyyətini diqqətə çatdırılmışdır.

“Əmək miqrasiyasının tənzimlənməsi və müasir tendensiyalar” mövzusunda multimedia formatında təqdimat verən DMX-nin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin məsul əməkdaşı bu sahədə mövcud vəziyyəti müqayisəli qaydada təhlil etmiş, qanunvericilikdə son dəyişikliklər iştirakçıların diqqətinə çatdırılmış, təcrübədə rast gəlinən xarakterik çatışmamazlıqlar qeyd olunmuşdur. Həmçinin əmək miqrasiyası kvotasının formalaşması məqsədilə növbəti il üçün işəgötürənlərin proqnoz məlumatlarının Dövlət Miqrasiya Xidmətinə təqdim olunmasının vacibliyini vurğulamışdır.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri işəgötürənlərlə ənənəvi keçirilən görüşlərin faydalı olduğunu qeyd etmiş, bu tədbirlərin miqrasiya qanunvericiliyi ilə bağlı məsul şəxslərin məlumatlandırılmasında önəmini vurğulamışdır.

İşəgötürənlərin sənədləşmə proseslərində daha diqqətli və operativ olmaları, yarana biləcək çətinliklərlə bağlı aidiyyəti üzrə müraciət etmələri, həmçinin fasiləsiz fəaliyyət göstərən (012) 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmaları tövsiyə edilmişdir.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur