Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Almatı Prosesinin 3-cü Nazirlər Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru Artur Erkeni və BMqT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Troy Dulini qəbul edib.
Qonaqları səmimi salamlayan Vüsal Hüseynov Azərbaycanın miqrasiya idarəçiliyi və ölkəmizin miqrasiya sahəsində iştirak etdiyi regional və qlobal layihələr, təşəbbüslərlə bağlı məlumat verib. BMqT-nin ölkəmizin miqrasiya sahəsində əsas tərəfdaşlarından olduğunu, beynəlxalq təşkilatla qurulan səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Vüsal Hüseynov ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) və Almatı Prosesi çərçivəsində insan hərəkətliliyi və iqlim dəyişiklikləri kontekstində bir sıra tədbirlərin təşkilində BMqT-nin göstərdiyi dəstəyi diqqətə çatdırıb. Xüsusilə Miqrasiya üzrə Regional Təlim Mərkəzinin Mərkəzi Asiya, Yaxın Şərq və Şərq Tərəfdaşlığı ölkələrinin miqrasiya orqanları arasında münasibətlərin və regional əməkdaşlığın dərinləşməsində rolunu qeyd edib.
Səmimi görüş üçün təşəkkürünü bildirən cənab Artur Erken Azərbaycan Respublikasının Almatı Prosesinə sədrliyini yüksək qiymətləndirib və ötən ikiillik fəaliyyətinin başa çatması münasibətilə təbrik edib. Mövcud münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.