newsPhoto

Dövlət Miqrasiya Xidmətinin məlumatı

Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları və digər müvafiq inzibati hüquqpozmalarla bağlı 2025-ci ilin 1-ci rübü ərzində ümumilikdə 4366 qərar qəbul edilib.

Barəsində inzibati qərar qəbul edilən əcnəbilərdən 1954 nəfəri  Dövlət Miqrasiya Xidməti tərəfindən  tənzimlənməyən miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib.

Miqrasiya qanunvericiliyini pozan 502 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub.

Bu dövrdə aparılmış araşdırmalar zamanı 5 halda əcnəbilərin müxtəlif vədlərlə aldadılaraq ölkə ərazisinə gətirildikləri, gəldikdən sonra isə müəyyən məbləğdə ödəniş qarşılığında qanunsuz yollarla onlara ölkə ərazisində iş və müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin alınmasına cəhdlər edildiyi müəyyən edilib. Həmin hallar üzrə toplanmış sübutlar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən tənzimlənməyən miqrasiyaya qarşı tədbirlər fasiləsiz davam etdirilir.


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur