newsPhoto

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 18-ci ildönümü qeyd edilib

Martın 19-u Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 18-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günüdür.

Bu əlamətdar gün münasibətilə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun rəhbərliyi ilə şəxsi heyət Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Şəhidlər xiyabanında Vətənimizin qəhrəman oğul və qızlarının unudulmaz xatirəsi yad edilib.

Sonra Dövlət Miqrasiya Xidmətinin aparatında qurumun yaradılmasının 18-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Dövlət Miqrasiya Xidmətində Heydər Əliyev Muzeyi ziyarət olunub.

Ordumuzun Vətən müharibəsindəki tarixi qələbəsini simvolizə edən “Zəfər Guşəsi”nin  önünə gül dəstələri düzüblər.

Dövlət Miqrasiya Xidmətinin inzibati binasında keçirilən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Vüsal Hüseynov qurumun yaradılmasının 18-ci ildönümü və peşə bayramı günü, eləcə də Novruz bayramı münasibətilə əməkdaşları təbrik edib, onlara Xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Xidmət rəisi peşə bayramı ərəfəsində bir qrup miqrasiya qulluqçusunun Prezident cənab İlham Əliyev tərəfindən təltif  edilməsini yüksək diqqət və qayğının təzahürü olduğunu qeyd edib. Cənab Prezidentə göstərdiyi yüksək diqqət və etimad üçün dərin təşəkkürünü bildirib.

18 il ərzində Dövlət Miqrasiya Xidmətinin keçdiyi inkişaf yoluna və  əldə etdiyi nailiyyətlərə nəzər salan Vüsal Hüseynov Xidmətin fəaliyyətinin dinamikasının artdığını, elektron xidmətlərin genişləndirildiyini, beynəlxalq əməkdaşlığın gücləndirildiyini, tənzimlənməyən miqrasiyaya qarşı uğurlu mübarizə tədbirlərinin həyata keçirildiyini qeyd edib, həmçinin qarşıya qoyulmuş hədəflərdən danışıb.

Xidmət rəisi miqrasiya orqanları əməkdaşlarının qarşıya qoyulan tapşırıqların, həvalə edilmiş ümdə vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə, dövlətə, xalqa əzm və sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.

Sonra Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 18-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ilə əlaqədar bir qrup əməkdaşın təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı, həmçinin Xidmət rəisinin imzaladığı əmrlər elan olunub.

Tədbirin sonunda Dövlət Miqrasiya Xidmətinin 2024-cü il ərzindəki fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.

Həmçinin Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 18-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ilə əlaqədar regional miqrasiya idarələrinin əməkdaşları rayon mərkəzlərində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, ruhuna dərin hörmət və ehtiramlarını bildiriblər. Regionlarda yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur