newsPhoto

Regionlarda miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə maarifləndirmə tədbirləri keçirilib

“Konstitusiya və Suverenlik İli” və Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 18-ci ildönümü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin Şəki, Şirvan, Ağsu, Lənkəran, Yevlax regional miqrasiya idarələri və Naxçıvan regional miqrasiya baş idarəsi tərəfindən Şəki, Zaqatala, Oğuz, Şirvan, Şamaxı, Masallı, Mingəçevir və Şərurda maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə aidiyyəti dövlət qurumlarının, təhsil işçilərinin, yerli icra və bələdiyyələrin, sahibkarlıq subyektlərinin nümayəndələri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak edib.

Respublikamızda qanunun aliyinin və suverenliyimizin tam bərpa olunmasının miqrasiya axınlarına təsirləri, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin Dövlət Miqrasiya Xidmətinin yaradılması və fəaliyyəti, göstərilən xidmətlər, miqrasiya qanunvericiliyindəki dəyişikliklər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, vətəndaşlar üçün rahat, operativ və şəffaf xidmətin təşkil edilməsi məqsədilə Xidmətin rəsmi elektron saytında olan yeniliklər, eləcə də tənzimlənməyən miqrasiyaya  və insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Ölkəmizdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaradılmış şərait, göstərilən xidmətlər barədə verilən məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur