newsPhoto

Almatı prosesinin Yüksək vəzifəli şəxslərinin 10-cu görüşü keçirilib

Azərbaycan Respublikasının Almatı Prosesinə sədrliyi çərçivəsində cari ilin 25 fevral tarixində onlayn formatda Prosesin Yüksək vəzifəli şəxslərinin 10-cu görüşü  keçirilib.

Tədbir zamanı cari ilin aprel ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Almatı prosesinin Nazirlər Konfransına hazırlıq məsələlərinə toxunulub, həmçinin sözügedən tədbir zamanı qəbul ediləcək Bakı Bəyannaməsi layihəsinin mətni üzrə son müzakirələr aparılıb.

Qeyd edək ki, ölkəmizin 2023-cü ildən sədrlik etdiyi Almatı prosesi miqrasiya sahəsində çoxtərəfli əsasda əməkdaşlıq edilən beynəlxalq dialoq alətlərindən biridir.  2013-cü ildən etibarən praktiki fəaliyyətə başlayan və Mərkəzi Asiya regionunda qaçqınların müdafiəsi və beynəlxalq miqrasiya üzrə regional məşvərətçi platforma rolunu oynayan Almatı prosesinin üzv-dövlətləri Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Tacikistan Respublikası və Türkiyə Respublikasıdır. İran İslam Respublikası, İtaliya Respublikası, Pakistan İslam Respublikası, Türkmənistan, həmçinin Türk Dövlətləri Təşkilatı müşahidəçi, Özbəkistan Respublikası isə dəvət olunan ölkə qismində Prosesin işində iştirak edir.  


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur