Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və şəxsi heyəti faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
XX əsrin ən qanlı faciəsi kimi tarixə düşmüş qətliamda erməni vandalları tərəfindən amansızca qətlə yetirilmiş Xocalı sakinlərinin ruhu ehtiramla yad edilib, abidə önünə gül dəstələri düzülüb.
Həmçinin Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətində anım mərasimi keçirilib.
Əvvəlcə Dövlət Miqrasiya Xidməti aparatında yerləşən Ordumuzun Vətən müharibəsindəki tarixi Qələbəsini simvolizə edən “Zəfər Guşəsi” ziyarət olunub, önünə qərənfillər düzülüb.
Xidmətin akt zalında davam etdirilən tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəis müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının dinc vətəndaşlara qarşı törətdiyi soyqırımın tarixindən danışıb. Bildirilib ki, erməni silahlı dəstələrinin Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayı ilə silahsız və köməksiz Xocalı sakinlərinə hücumu nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi tam bərpa edilib, o cümlədən Xocalı rayonu separatçılardan təmizlənib. Bu gün Xocalıda qürurla dalğalanan üçrəngli bayrağımız haqq-ədalətin təntənəsini, soyqırımı qurbanlarının qanının yerdə qalmadığını nümayiş etdirir.
Tədbrin sonunda Xocalı faciəsindən bəhs edən film nümayiş olunub.